ABŞ-nin Oreqon sahillərində palçıqlıqlarda əvvəllər məlum olmayan bakteriya növü aşkar edilib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, “Candidatus Electrotrix yaqonensis” adı verilən bu bakteriya elektrikötürmə xüsusiyyətinə malikdir.
Sözügedən bakteriyanı kəşf edən Oreqon Dövlət Universitetinin alimləri Çenq Li və Klari Reimers bu bakteriyanın elektrik cərəyanını naqil kimi keçirə biləcəyini ifadə edoblər. Onların sözlərinə görə, hüceyrələri uzun saplar əmələ gətirmək üçün bir-birinə bağlanan bakteriyalar, nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşıya bilirlər.
“Bakteriyaların elektron daşıma qabiliyyəti o deməkdir ki, o, çirklənmiş çöküntülərdən zərərli maddələrin çıxarılması kimi ekoloji tətbiqlərdə istifadə edilə bilər. Eyni zamanda bu bakteriyada tapılan yüksək keçirici nikel örtüklü zülallar yeni nəsil bioelektronik cihazların dizaynına ilham verə bilər”, – məlumatda bildirilir.
Bakteriyalara verilən “yaqonensis” adı, kəşf edildiyi ərazinin yerli əhalisi olan Yaqona icmasını şərəfləndirir. Bu gün bu icmanın nəsilləri Siletz Qəbilələri Konfederasiyasının tərkibində yaşayırlar.
Gundelik.az
