İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“Alibaba”nın səhmləri dörd ilin rekord səviyyəsinə yüksəldi

Çinin onlayn pərakəndə nəhəngi “Alibaba” süni intellekt (AI) sahəsinə sərmayələrini artıracağı barədə açıqlamasından sonra şirkətin səhmləri çərşənbə günü keçirilən ticarətdə 7,8% bahalaşaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, şirkət süni intellekt strategiyasının əsas hissəsi kimi ən böyük dil modeli Qwen3-Max-ı təqdim edib. Modeldə 1 trilyondan çox parametr mövcuddur. “Alibaba Cloud”un baş texnologiya direktoru Zhou Jingren illik konfransda çıxışı zamanı bildirib ki, bu addım süni intellektin şirkətin biznesində prioritet mövqeyini təsdiqləyir.

“Alibaba”nın baş direktoru Eddie Vu qeyd edib ki, növbəti beş ildə qlobal süni intellekt bazarına sərmayələrin həcmi təxminən 4 trilyon dollara çatacaq. O, şirkətin fevral ayında elan etdiyi inkişaf planının yaxın vaxtlarda genişləndiriləcəyini və növbəti üç ildə süni intellekt modelləri ilə infrastrukturunun yaradılmasına 380 milyard yuan (təxminən 53,4 milyard dollar) yönəldiləcəyini vurğulayıb.

Sənayenin inkişaf sürəti gözləntilərimizi üstələyib. Süni intellekt infrastrukturuna tələbat da proqnozlarımızdan qat-qat çoxdur. Biz bu istiqamətdə sərmayələrimizi artırmaqda davam edəcəyik”, – deyə Vu bildirib.

Sentyabrın 24-də keçirilən tədbirdə şirkət həmçinin Qwen3-Omni adlı multimodal immersiv sistem də daxil olmaqla, süni intellektlə işləyən yeni məhsullarını təqdim edib. Bu texnologiya ağıllı eynəklər və kabinlər kimi virtual və süni reallıq tətbiqlərində istifadə oluna bilər.

Eyni zamanda, şirkət rəhbərliyi çiplər, yüksək sürətli kompüterlər və şəbəkə texnologiyaları kimi aparat yenilikləri üzərində işlər gördüyünü də açıqlayıb.

Gundelik.az