İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Aİ Trampın Çinə yüksək rüsum tətbiqi tələbinə qarşı çıxır

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Çin idxalına 50-100 faiz rüsum tətbiqi tələbini qəbul etməyə hazır deyil.

Gundelik.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Diplomatik mənbə agentliyə bildirib: “Biz bunu etməyəcəyik. Aİ-də işlər belə aparılmır”. Onun sözlərinə görə, Brüssel müxtəlif sanksiya mexanizmlərindən yalnız uyğun şəraitdə istifadə edir və əgər indiyədək tətbiq edilməyibsə, bunun əsaslı səbəbləri var.

Məlumata görə, Aİ-nin hazırladığı 19-cu anti-Rusiya sanksiyalar paketi bir sıra Çin bank və şirkətlərinə qarşı məhdudiyyətləri də əhatə edəcək.

AFP yazır ki, Avropa rəsmiləri Trampın digər şərti — Rusiya karbohidrogenlərinin sürətlə tərk edilməsi məsələsində də qeyri-müəyyən mövqedədirlər. Macarıstan və Slovakiyanın Rusiya neftindən imtina etməməsi səbəbindən Brüsseldə bir çoxları Vaşinqtonun onları inandırmalı olduğunu düşünür.

Xatırladaq ki, sentyabrın 15-də Donald Tramp bəyan edib: ABŞ Rusiyaya qarşı sanksiyalara qoşulmağa hazırdır, lakin bunun üçün əvvəlcə Avropa addım atmalıdır. O həmçinin vurğulayıb ki, Çindən idxala yüksək rüsumların tətbiqi Ukrayna böhranının həllinə kömək edə bilər və nəticə əldə olunduqdan sonra həmin rüsumlar aradan qaldırıla bilər.

Gundelik.az