Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen iki həftə ərzində Rusiyadan bütün qalıq yanacaq idxalını dayandırmaq üçün konkret tədbirləri ehtiva edən yol xəritəsi təqdim edəcəklərini bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə o, Londonda Enerji Agentliyinin (IEA) və Britaniya hökumətinin təşkil etdiyi “Enerji Təhlükəsizliyinin Gələcəyi” Sammitinin açılışında çıxış edərkən deyib.
Von der Leyen çıxışında bildirib ki, etibarlı və sərfəli enerji iqtisadiyyatların damarıdır, milli təhlükəsizliyin əsasını təşkil edir, sənaye və iqtisadi rəqabət qabiliyyətini qoruyur.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Avropa İttifaqı qazının 45 faizini, kömürünün 50 faizini və neftinin üçdə birini Rusiyanın təmin etdiyini xatırladan fon der Leyen onilliklər ərzində enerji asılılığının xərclərini dərk edə bilmədiklərini diqqətə çatdırıb.
Von der Leyen vurğulayıb ki, Rusiya müharibə zamanı təbii qazı dayandıraraq Avropanı ciddi asılılığa məruz qoymağa çalışıb, lakin buna nail ola bilməyib.
Von der Leyen Aİ-nin enerji təchizatını şaxələndirdiklərini, təmiz enerji keçidini sürətləndirdiklərini və Rusiyadan qaz idxalını 45 faizdən 18 faizə endirdiklərini bildirib. O izah edib ki, idxalı onda birə qədər endiriblər və kömür almağı dayandırıblar.
Von der Leyen, enerji sahəsində hələ görüləsi çox şey olduğunu deyib: “İki həftə ərzində bütün imkanlarımıza sahib olacağıq. Qalıq yanacağın idxalını mərhələli şəkildə dayandırmaq üçün konkret tədbirləri özündə əks etdirən yol xəritəsini təqdim edəcəyik. Bu yolla biz enerji ehtiyaclarımız üçün düşmən gücə güvənmək məcburiyyətində qalmayacağıq”.
Gundelik.az

