Gundelik.az Dünya Aİ İsraillə azad ticarəti qismən dayandırmağı planlaşdırır
Dünya Siyasət Xəbərlər

Aİ İsraillə azad ticarəti qismən dayandırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə İsrail malları üçün ticarət imtiyazlarının dayandırılması və İsrail rəsmilərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif irəli sürüb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və ticarət üzrə komissarı Maros Şefçoviç Brüsseldə keçirdikləri birgə mətbuat konfransında təklif olunan sanksiyaların detalları barədə məlumat veriblər.

Kallas bildirib ki, İsrail hökumətinin Qəzzaya hücumu müharibənin yeni mərhələyə keçməsinə səbəb olub və bu, humanitar böhranı daha da dərinləşdirir: “Əsas məqsəd İsraili cəzalandırmaq deyil, Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaqdır. Müharibə dayanmalı, iztirablar sona çatmalı və bütün məhbuslar azad edilməlidir”.

Onun sözlərinə görə, sanksiyalar paketi ekstremist İsrail nazirlərini, işğal olunmuş Fələstin torpaqlarında məskunlaşan zorakı qrupları və onlara dəstək verən təşkilatları hədəf alacaq.

Təklifin detalları barədə danışan Şefçoviç qeyd edib ki, Avro–Aralıq dənizi sazişinin əsas müddəalarının qismən dayandırılması nəzərdə tutulur. Bu isə İsrailin Aİ bazarına güzəştli çıxışını məhdudlaşdıracaq və İsrail malları üçün gömrük rüsumlarının tətbiqi demək olacaq.

Şefçoviç bildirib ki, 2024-cü ildə Aİ ilə İsrail arasında ümumi ticarət dövriyyəsi 42,6 milyard avro təşkil edib və Aİ İsrailin ən böyük ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, təklif olunan qismən dayandırma diqqətlə düşünülmüş addımdır və Qəzzada humanitar böhranın aradan qaldırılmasına xidmət etməlidir.

Aİ Komissiyasının bu təklifi yaxın günlərdə Aİ Şurasında müzakirəyə çıxarılacaq. Onun qəbul edilməsi üçün ixtisaslı səs çoxluğu tələb olunur. 

Gundelik.az 

Exit mobile version