Avropa Komissiyası, Çində fəaliyyət göstərən onlayn alış-veriş platforması Temu-ya Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğu üçün 200 milyon avro məbləğində cərimə tətbiq edib.
Aİ Komissiyasının yaydığı açıqlamada bildirilib ki, Temu platformasında qanunsuz və təhlükəli məhsulların satışı ilə bağlı riskləri kifayət qədər müəyyən etməyib və düzgün qiymətləndirməyib. Qeyd olunub ki, Aİ-dəki istifadəçilərin Temu-da qanunsuz məhsullarla qarşılaşma ehtimalı yüksəkdir.
Araşdırma çərçivəsində aparılan gizli alış-veriş testləri zamanı seçilən şarj cihazlarının böyük hissəsinin əsas təhlükəsizlik yoxlamalarından keçmədiyi məlum olub. Bundan əlavə, bəzi uşaq oyuncaqlarının kimyəvi maddə limitlərini aşdığı, bəzilərinin isə qopa bilən hissələrə görə uşaqlarda boğulma riski yaratdığı bildirilib.
Komissiya həmçinin Temu-nun tövsiyə alqoritmlərinin və influencerlər vasitəsilə aparılan məhsul tanıtımlarının qanunsuz məhsulların yayılması riskini yetərincə qiymətləndirmədiyini vurğulayıb.
Aİ qanunlarına əsasən, böyük rəqəmsal platformalar xidmətləri ilə bağlı sistemli riskləri ciddi şəkildə analiz etməli və buna uyğun tədbirlər görməlidirlər.
Bildirilir ki, Temu 28 avqust 2026-cı ilədək pozuntuların aradan qaldırılması ilə bağlı fəaliyyət planı təqdim etməlidir. Əks halda şirkət əlavə və dövri maliyyə cərimələri ilə üzləşə bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
