Adana Fen Liseyinin şagirdləri hazırladıqları “Fırtına” adlı sualtı aparat ilə iyun ayında Kanadada keçiriləcək MATE-ROV Sualtı Sistemləri Yarışmasının Dünya Finalında birincilik uğrunda mübarizə aparacaqlar. 60 metr dərinliyə qədər enə bilən bu aparat obyektləri tanıyıb təsnif edə bilir və robot qollar vasitəsilə onları toplaya bilir.
Layihələri 2019-cu ildə lisə şagirdləri tərəfindən yaradılan və Seyhan Gənclik Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən “ALESTA” texnologiya komandası süni intellekt və kamera dəstəyi ilə ya otonom, ya da uzaqdan idarə olunaraq müəyyən tapşırıqları yerinə yetirən sualtı robotlar hazırlayır.
Komanda 7 ildir TEKNOFEST yarışlarında iştirak edir və “İnsansız Sualtı Sistemləri”, “Ən Yaradıcı Proqram təminatı” və “Ən Yaxşı Komanda Ruhu” kimi sahələrdə mükafatlar qazanıb, həmçinin bir çox beynəlxalq yarışdan da uğurla qayıdıb.
Şagirdlər son olaraq üzərində yüksək dəqiqlikli tutma qabiliyyətinə malik 3 oxlu robot qolu və 6 mühərrikli hərəkət sistemi olan sualtı aparat hazırlayıblar. Bu aparat həm otonom, həm də uzaqdan idarə edilə bilir və 60 metr dərinliyə qədər enərək obyektləri tanıyıb robot qollarla toplaya bilir.
“Fırtına” adlı aparatla Misirdə keçirilən MATE-ROV Sualtı Sistemləri Yarışmasına qatılan komanda “Ən Yaxşı Kommunikasiya Sistemi” mükafatını qazanıb və 23–27 iyun tarixlərində Kanadada keçiriləcək dünya finalına vəsiqə əldə edib.
Hazırlıqlar Adana Fen Lisəsinin laboratoriyalarında və Çukurova Yarı Olimpiya Üzgüçülük Hovuzunda davam etdirilir və komanda yarışda birinci olmağı hədəfləyir.
Komanda rəhbəri, informasiya texnologiyaları müəllimi Osman Onur Dilci bildirib ki, onlar sualtı tədqiqatlar, axtarış və xilasetmə kimi tapşırıqları yerinə yetirə bilən robotlar hazırlayırlar.
O qeyd edib ki, “çox zəhmət və əzmlə bu mərhələyə gəlib çıxmışıq. Davamlı şəkildə yeni üzvləri öyrədərək komandaya daxil edirik. Qarşımızda hələ uzun inkişaf yolu var”.
Gənclik və İdman Nazirliyinə bağlı Seyhan Gənclik Mərkəzinin mentoru Sinan Çakıcı isə bildirib ki, komandanın material, yerləşmə, düşərgə və nəqliyyat ehtiyacları dəstəklənir.
Komandanın kapitanı, 10-cu sinif şagirdi Mehmet Ulaç Girgin layihədə proqramlaşdırma və mexanika sahəsində çalışdığını deyib.
O bildirib: “Gecə-gündüz demədən hovuzlarda və emalatxanalarda işləyirik. Misirdə yaxşı nəticə alaraq Kanadaya vəsiqə qazandıq. Kanadada da ən yaxşı nəticəni əldə etməyi hədəfləyirik. Eyni zamanda digər komandalarla təcrübə mübadiləsi aparmaq istəyirik”.
10-cu sinif şagirdi Buğlem Nisan Ekinci isə cihazın mexanika və proqramlaşdırma hissələri ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, layihə sayəsində nəzəri biliklərini praktikaya çevirmək imkanı əldə edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

