Gundelik.az Dünya ABŞ Ukraynaya 825 milyon dollarlıq silah satışına razılıq verib
Dünya Xəbərlər

ABŞ Ukraynaya 825 milyon dollarlıq silah satışına razılıq verib

ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 825 milyon dollar dəyərində “Havadan Çatdırılan Sursatlar” və müvafiq logistik dəstək avadanlıqlarının satışını təsdiqləyib.

Gundelik.az-ın məlumatına görə, Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) yazılı açıqlama yayaraq bildirib ki, Ukrayna hökumətinin sorğusu əsasında satış üçün rəsmi bildiriş ABŞ Konqresinə göndərilib.

Məlumata görə, paketə 3 350 ədəd Uzun Mənzilli Hücum Sursatları (ERAM) raketləri, onların istifadəsi üçün avadanlıqlar, raket konteynerləri, ehtiyat hissələri, dəstək avadanlığı, proqram təminatı, texniki sənədlər, təlim və logistik materiallar daxildir.

Açıqlamada qeyd olunub ki, sözügedən satış bölgədəki hərbi balansı dəyişdirməyəcək:

“Bu addım Avropada siyasi sabitliyin və iqtisadi tərəqqinin təminatçısı olan müttəfiqin təhlükəsizliyini gücləndirəcək, ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarına xidmət edəcək”, – deyə bildirilib.

Ukraynanın alışının Danimarka tərəfindən həyata keçiriləcəyi, layihənin isə Hollandiya və Norveçin maliyyə dəstəyi ilə ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində reallaşdırılacağı vurğulanıb.

Gundelik.az 

Exit mobile version