Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arizona ştatında yerləşən “Odlu Silahlar” şirkəti Ukraynaya təxminən 1 milyard dollar dəyərində sursat tədarükü ilə bağlı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib.
Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə imzalanmış müqavilə çərçivəsində Ukraynaya Sovet dövrünə aid iriçaplı sursatlar – o cümlədən təxminən 10 milyon 23 mm-lik zenit patronu, on minlərlə “Qrad” raketi, minaatan mərmiləri və digər silahlar göndərilməli idi.
Ukrayna tərəfi müqavilə üzrə şirkətə 17 milyon avro avans ödəmişdi. Lakin sonradan müəyyən olunub ki, “Odlu Silahlar” şirkətinin bu miqyaslı sursat tədarükü üçün lazımi infrastruktur, ixrac təcrübəsi və anbar imkanları mövcud deyil. Nəticədə, bir dənə də olsun sursat çatdırılmayıb.
ABŞ Federal Məhkəməsi şirkəti Ukraynaya bütün avans ödənişini, həmçinin faizləri və məhkəmə xərclərini geri qaytarmağa məcbur edib. Ümumi ödəniş məbləği 20 milyon avroya çatıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya müasir silah tədarükünün dayandırılması çağırışı ilə çıxış etmişdi.
Gundelik.az

