ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyası 30 sentyabr etibarilə başa çatır. Beləliklə, ABŞ-ın İŞİD-lə mübarizə məqsədilə 2014-cü ildə yenidən yerləşdirildiyi İraqda 12 ildən sonra bir mərhələ başa çatır və ölkədəki hərbi bazalar boşaldılır.
Gundelk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılan amerikalı hərbçilərin bir hissəsinin isə regionun digər məntəqələrinə yerləşdirilməsi gözlənilir.
Bazalar İraq hakimiyyətinə təhvil verilib
İraqlı təhlükəsizlik rəsmiləri ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın ölkədəki baza və qərargahlarını İraq hakimiyyətinə təhvil verdiyini bildiriblər. Sentyabrın 30-dan sonra koalisiyaya bağlı döyüş və təlim qüvvələrinin ölkədə qalmaması planlaşdırılır.
Bundan sonra İraqla koalisiya ölkələri arasında təhlükəsizlik əlaqələrinin ikitərəfli razılaşmalar əsasında davam etdirilməsi nəzərdə tutulur.
ABŞ 2003-cü ildə İraqı işğal etmişdi
ABŞ rəhbərliyindəki qüvvələr 2003-cü ildə İraqı işğal edərək Səddam Hüseyn hakimiyyətini devirdilər. Sonrakı illərdə ABŞ-ın ölkədəki hərbi mövcudluğu əhəmiyyətli dərəcədə azaldıldı və son döyüş birlikləri 2011-ci ilin dekabrında İraqdan çıxarıldı.
Lakin İŞİD-in İraq və Suriyada geniş əraziləri nəzarətə götürməsindən sonra ABŞ qüvvələri İraq hökumətinin dəvəti ilə 2014-cü ildə ölkəyə yenidən yerləşdirildi. Həmin dövrdə ABŞ rəhbərliyində beynəlxalq koalisiya da İŞİD-lə mübarizəyə başladı.
Çəkilmə üçün iki mərhələli plan
Bağdad və Vaşinqton 2024-cü ilin sentyabrında beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasının başa çatdırılması ilə bağlı iki mərhələli plan üzərində razılığa gəliblər.
Planın birinci mərhələsində federal İraqdakı baza və qərargahlardan çəkilmə prosesi həyata keçirilib. İkinci mərhələdə isə İŞİD-ə qarşı Suriyada keçirilən əməliyyatlara İraq ərazisindən dəstəyin 2026-cı ilin sentyabrının sonunadək davam etdirilməsi nəzərdə tutulub.
Hərbçilərin bir hissəsi regionda qalacaq
İraqdan çıxan amerikalı hərbçilərin hamısının ABŞ-a qayıtması gözlənilmir. Yüzlərlə hərbçinin bir hissəsinin İordaniyaya və regiondakı digər məntəqələrə yenidən yerləşdirilməsi planlaşdırılır.
Bu qüvvələrin Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatlara dəstəyi davam etdirməsi gözlənilir.
İKBY-də hava müdafiəsi ilə bağlı narahatlıq
ABŞ rəhbərliyindəki koalisiyanın İraqdan çəkilməsi İraq Kürdüstan Regional Hökumətində təhlükəsizlik və hava müdafiəsi ilə bağlı narahatlıqlara səbəb olub.
İKBY Baş naziri Məsrur Bərzani ABŞ qüvvələrinin çıxmasından sonra bölgənin müdafiə baxımından zəifləyə biləcəyini bildirib. O, xüsusilə hava müdafiəsi imkanlarının məhdudluğuna diqqət çəkərək ABŞ-ın 2011-ci ildə İraqdan çəkilməsindən sonrakı təhlükəsizlik vəziyyətini xatırladıb.
İKBY son dövrdə bölgənin çoxsaylı raket və pilotsuz uçuş aparatı hücumları ilə üzləşdiyini bildirir və İraqın şimalındakı hava məkanının qorunmasında Bağdad hökumətinin məsuliyyət daşımalı olduğunu vurğulayır.
30 sentyabrdan sonra yeni mərhələ
Koalisiyanın hərbi missiyasının 30 sentyabrda başa çatması ilə İraqda təhlükəsizlik məsuliyyətinin tamamilə ölkənin öz təhlükəsizlik qüvvələrinə keçməsi hədəflənir.
İraq rəsmiləri ölkədə təhlükəsizlik vəziyyətinin sabit olduğunu və İraq qüvvələrinin bütün əraziyə nəzarəti təmin etdiyini bildirirlər. Koalisiya ölkələri ilə əməkdaşlığın isə bundan sonra kəşfiyyat məlumatlarının mübadiləsi, silah proqramları və ikitərəfli təhlükəsizlik razılaşmaları çərçivəsində davam etdirilməsi gözlənilir.
Nurəddin Abdullayev
Gundelk.az

