ABŞ Dövlət Katibi Marco Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO Zirvəsində şəxsən iştirak edəcək.
Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Prezident Trampın 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin büdcə tələbi və digər beynəlxalq məsələlərlə bağlı sualları cavablandırıb.
NATO Zirvəsi barədə komitə üzvlərinə məlumat verən Rubio deyib:
“Prezident növbəti NATO Dövlət və Hökumət Başçıları Zirvəsində şəxsən iştirak edəcək.”
“NATO tarixinin ən mühüm toplantılarından biri olacaq”
Rubionun sözlərinə görə, Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək zirvə NATO tarixinin ən əhəmiyyətli toplantılarından biri ola bilər.
O bildirib:
“Düşünürəm ki, NATO-nun iyul ayında Türkiyədə keçirəcəyi növbəti toplantı, böyük ehtimalla, NATO tarixinin ən vacib zirvələrindən biri olacaq.”
ABŞ Dövlət Katibi əlavə edib ki, Ankaradakı zirvədə aydınlaşdırılması və düzəldilməsi lazım olan bir sıra məsələlər müzakirə olunacaq.
Rubio vurğulayıb ki, ABŞ hələ də NATO-nun üzvüdür, lakin alyansın mühüm dəyişikliklərə ehtiyacı var. Onun sözlərinə görə, bu dəyişikliklər 7–8 iyul tarixlərində Ankarada keçiriləcək zirvə zamanı müzakirə ediləcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

