Ürək döyüntüləri arasındakı vaxt fərqlərində baş verən çox kiçik dəyişikliklər psixi sağlamlıq, stress səviyyəsi və fiziki hazırlıq barədə faydalı məlumatlar verə bilər. Hətta onların nə qədər sağlam yaşlandığınızı göstərməsi də mümkündür.
Artem Kirillov təbiətcə özünü çox yormamağı sevən insanlardan deyil.
“Mən bir az halsız olsam belə, özümü daha çox məcbur etməyə üstünlük verirəm”, – deyir. 40 yaşlı Kirillov Londonda yaşayır və səhiyyə texnologiyaları sahəsində çalışır. Uzun müddət o, həvəskar idmançı olsa da, istirahət günlərinin vacibliyini nəzərə almır, yorğunluğa baxmayaraq məşqlərini davam etdirirdi. O düşünürdü ki, məşqə nə qədər çox vaxt ayırsa, nəticələr də bir o qədər yaxşı olacaq.
Lakin vəziyyət o zaman dəyişdi ki, o, ağıllı saatının izlədiyi sağlamlıq göstəricilərindən biri olan ürək ritmi dəyişkənliyinə (Heart Rate Variability – HRV) diqqət yetirməyə başladı.
Ürəyin dəqiqədə neçə dəfə döyündüyünü göstərən ürək döyüntü sürətindən fərqli olaraq, ürək ritmi dəyişkənliyi ürək döyüntüləri arasındakı vaxt intervalının nə dərəcədə dəyişdiyini ölçür. Getdikcə artan elmi araşdırmalar göstərir ki, bu göstərici ürək-damar sağlamlığının, stress səviyyəsinin, fiziki hazırlığın və bir sıra digər amillərin mühüm göstəricisidir. Bu məlumatlar insanlara idman və həyat tərzi ilə bağlı daha düzgün qərarlar verməyə kömək edə bilər.
İndi Kirillov məşq edib-etməmək arasında tərəddüd edəndə ürək ritmi dəyişkənliyi göstəricisinə baxır. Bu vərdişi qazandıqdan sonra, onun sözlərinə görə, “özümlə daha yaxşı tarazlıqda olduğumu hiss edirəm”. Hətta bu göstərici ilə o qədər maraqlanıb ki, ürək ritmi dəyişkənliyi məlumatlarından istifadə edərək stressi izləyən tətbiq də yaradıb.
Ağıllı saatlar və digər geyilə bilən texnologiyalar getdikcə daha geniş yayıldıqca, ürək ritmi dəyişkənliyini izləyən insanların sayı da artır. ABŞ-ın Nyu-York şəhərindəki Mount Sinai Fuster Heart Hospital xəstəxanasının direktoru Deepak Bhatt bunu təsdiqləyir.
Bəs ürək ritmi dəyişkənliyini izləməyə ehtiyac varmı və bundan nə öyrənmək olar?
Ürək ritmi dəyişkənliyi nədir?
“Ürəyin təxminən müntəzəm döyünməsi arzuolunandır”, – Bhatt deyir.
Əgər ürək çox qeyri-müntəzəm döyünürsə, bu aritmiya adlanır və ciddi hallarda insult və ya ürək çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.
Lakin sağlam ürək belə hər zaman eyni ritmlə döyünmür. Döyüntülər arasındakı vaxt intervalında kiçik dəyişikliklər olur. Bhattın sözlərinə görə, bu dəyişikliklər millisaniyələrlə ölçülür (bir millisaniyə saniyənin mində biridir).
Bu qədər kiçik zaman ölçüsündə baxdıqda, ümumiyyətlə, daha yüksək dəyişkənlik daha yaxşı hesab olunur.
Ürək ritmi dəyişkənliyi üçün ideal hesab olunan vahid göstərici yoxdur. Bu göstərici insanın yaşından, fiziki hazırlığından, cinsindən, istifadə etdiyi cihazdan və hesablanma üsulundan asılı olaraq dəyişir.
Geyilə bilən cihaz istehsalçılarından birinin məlumatına görə, onların istifadəçilərində orta göstərici kişilər üçün 65 millisaniyə, qadınlar üçün isə 62 millisaniyədir. Yaşa görə fərqlər isə olduqca böyükdür: 25 yaşlı insanlarda orta göstərici 78 millisaniyə olduğu halda, 55 yaşlılarda bu rəqəm 44 millisaniyəyə düşür.
Bu hesablamaların arxasında mürəkkəb riyazi üsullar dayanır, lakin sadə şəkildə desək, bu rəqəmlər ürək döyüntüləri arasındakı vaxt intervalında baş verən orta dəyişiklikləri göstərir.
Niyə yüksək HRV daha yaxşı sayılır?
Bu, ilk baxışda qəribə görünə bilər. Axı aşağı nəbz adətən yaxşı fiziki hazırlığın göstəricisi hesab olunur.
Lakin yüksək ürək ritmi dəyişkənliyi sinir sisteminin “döyüş və ya qaç” reaksiyası ilə “istirahət və həzm et” vəziyyəti arasında nə qədər yaxşı keçid edə bildiyini göstərir.
Məsələn, təhlükədən qaçarkən və ya qaçış edərkən sinir sistemi orqanizmi hərəkətə hazırlayır. Ürək daha sürətli döyünməyə başlayır və bu zaman ürək ritmi dəyişkənliyi azalır, çünki ürək sabit və sürətli ritmdə işləməlidir.
Lakin istirahət etdikdə sinir sistemi sakitləşir. Bu vəziyyətdə ürək daha dəyişkən ritmdə döyünür. Məsələn, nəfəs alarkən bir qədər sürətlənir, nəfəs verərkən isə bir qədər yavaşıyır.
Almaniyadakı Kiel University universitetinin tədqiqatçısı Dennis Larsson bildirir:
“Yüksək orta ürək ritmi dəyişkənliyi göstərir ki, orqanizm lazım olduqda ürək döyüntüsünü və qan təzyiqini ətraf mühitə uyğun şəkildə tez dəyişə bilir.”
Bu isə insanın stressə reaksiya verə bilməsi, eyni zamanda təhlükə keçdikdən sonra yenidən sakitləşə bilməsi deməkdir.
Əksinə, aşağı ürək ritmi dəyişkənliyi orqanizmin bir vəziyyətdə ilişib qaldığını göstərə bilər. Ən çox rast gəlinən hal isə daimi stress vəziyyətidir.
Müasir həyat iş qrafikləri, yol tıxacları və digər gündəlik problemlər səbəbindən sinir sistemini davamlı olaraq gərgin vəziyyətdə saxlaya bilər.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

