Stiv Uitkoff şənbə günü Fox News-a verdiyi müsahibədə deyib ki, Tramp Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, məhdud hərbi zərbə ilə hədələdikdən sonra İranın mövqeyinə “maraq göstərir”.ABŞ və onun Avropalı müttəfiqləri İranın nüvə silahı hazırlamağa doğru irəlilədiyindən şübhələnir. İran isə bunu inkar edir.İran daxilində həftəsonu bir neçə universitetdə hökumət əleyhinə etiraz aksiyaları keçirilib. Bu, yanvar ayında hakimiyyətin minlərlə insanın ölümü ilə nəticələnən sərt müdaxiləsindən sonra ilk bu miqyaslı etirazlar olub.Fox-a müsahibəsində Uitkoff deyib:“Mən ‘məyus’ sözünü işlətmək istəmirəm… çünki o [Tramp] anlayır ki, kifayət qədər alternativləri var, amma o, maraqlanır ki, niyə onlar… ‘təslim oldular’ sözünü də işlətmək istəmirəm, amma niyə təslim olmayıblar.Belə təzyiq altında, orada yerləşdirdiyimiz dəniz və hərbi qüvvələrin həcmini nəzərə alaraq, niyə gəlib demirlər ki, ‘Biz silah istəmirik və buna görə də bunları etməyə hazırıq?’”Nümayəndə əlavə edib:“Amma onları bu nöqtəyə gətirmək çətindir.”İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü bildirib ki, mübahisənin “qazan-qazan prinsipi əsasında” diplomatik yolla həll olunması üçün hələ də şans var. O, CBS News-a deyib ki, danışıqlar aparan tərəflər razılaşmanın elementləri üzərində işləyirlər.Əraqçi iki gün əvvəl ayrıca açıqlamasında Tehranın “mümkün razılaşmanın layihəsini” hazırladığını və yaxın günlərdə onu Uitkoffa təqdim edəcəyini demişdi.ABŞ və İran rəsmiləri 17 fevralda İsveçrənin Cenevrə şəhərində dolayı danışıqlar aparıblar. Onlar daha sonra müəyyən irəliləyiş əldə edildiyini bildiriblər.Danışıqlara vasitəçilik edən Oman bazar günü açıqlayıb ki, növbəti danışıqlar raundu bu cümə axşamı yenidən Cenevrədə keçiriləcək.Omanın xarici işlər naziri Bədr Əlbusəidi də X platformasında paylaşımında razılaşmanın yekunlaşdırılması istiqamətində “əlavə bir addım atmaq üçün müsbət təkan” olacağına ümid etdiyini bildirib.ABŞ və İran bu barədə əlavə şərh verməyib.Cenevrədə irəliləyişlə bağlı məlumatlara baxmayaraq, Tramp cümə axşamı deyib ki, dünya “növbəti, yəqin ki, 10 gün ərzində” İranla razılaşma əldə olunub-olunmayacağını və ya ABŞ-ın hərbi addım atacağını görəcək.Son həftələrdə ABŞ İran yaxınlığında və ümumilikdə Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb.Bu yerləşdirmələrə dünyanın ən böyük hərbi gəmisi olan USS Gerald R Ford-un bölgəyə doğru istiqamətlənməsi də daxildir.USS Abraham Lincoln aviadaşıyıcısı, eləcə də esmineslər, döyüş gəmiləri və qırıcı təyyarələr də bölgəyə göndərilib.İranda isə BBC Tehran şəhərində yerləşən Şərif Texnologiya Universitetinin kampusunda şənbə günü yürüş edən etirazçıların görüntülərini təsdiqləyib. Daha sonra onların hökumət tərəfdarları ilə toqquşduğu görülüb.Tehrandakı və ölkənin digər yerlərindəki universitetlərdə də etiraz aksiyaları keçirildiyi bildirilib.İran mediası bazar günü Tehran Elm və Texnologiya Universitetində, Xace Nəsir Tusi Universitetində və ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindəki Firdovsi Universitetində də nümayişlərin baş tutduğunu yazıb.BBC tərəfindən təsdiqlənmiş bir videoda Şərif Universitetində hökumət əleyhinə etirazçıların 1979-cu il İslam inqilabından əvvəlki İranın simvolu olan Şir və Günəş bayrağını qaldırdıqları görünür. Kütlənin “Cavid şah” (“Yaşasın şah”) şüarları səsləndirdiyi eşidilir.Digər təsdiqlənmiş videoda isə Şərif Universitetində hökumət tərəfdarlarının əks-etiraz aksiyası keçirdiyi və ABŞ ilə İsrail bayraqlarını yandırdığı görünür.Amirkabir Texnologiya Universitetində çəkilmiş təsdiqlənmiş görüntülərdə də hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar əks olunub.Müxtəlif universitetlərin tələbələri ötən ay hakimiyyət tərəfindən öldürülən minlərlə insanın xatirəsini yad etmək üçün toplaşırlar.ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (Hrana) bildirib ki, həmin hadisələr zamanı azı 7 015 nəfərin öldürüldüyünü təsdiqləyib. Onların arasında 6 508 etirazçı, 226 uşaq və 214 hökumətlə əlaqəli şəxs var. Son rəqəmlər 15 fevralda yenilənib.Hrana əlavə edib ki, daha 11 744 nəfərin ölümü ilə bağlı məlumatları araşdırır.İran hakimiyyəti isə ötən ayın sonunda bildirib ki, 3 100-dən çox insan həlak olub, lakin onların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin üzvləri və ya “iğtişaşçılar” tərəfindən hücuma məruz qalan təsadüfi şəxslər olduğunu iddia edib.Tramp keçmişdə etirazçılara dəstək verib və bir mərhələdə “kömək yoldadır” deyərək onları ruhlandırdığı görünmüşdü.
Tərtib etdi:Jalə Əliyeva
Mənbə:BBC
Gundelik.az

