ABŞ Məxfi Xidməti mühafizə olunan dövlət rəsmilərinə qarşı təhdidlərin görünməmiş dərəcədə artdığını bildirərək, ölkədəki təhlükəsizlik vəziyyətini “son dərəcə dəyişkən təhlükə mühiti” kimi qiymətləndirib.
ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə daxilində yarana biləcək təhlükələrin səviyyəsi həm yüksək vəzifəli federal rəsmilərə, həm də yerli hakimiyyət nümayəndələrinə təsir edir.
Karran qeyd edib ki, “24 illik karyeram ərzində belə bir vəziyyətlə heç vaxt qarşılaşmamışam. Təhdidlərin səviyyəsi sözün əsl mənasında rekord həddə çatıb”. Onun sözlərinə görə, görünməmiş təhdid artımı səbəbindən mövcud təhlükəsizlik mühiti son dərəcə dəyişkəndir.
Direktor əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın səfərləri zamanı qabaqcıl aşkarlama və qarşısının alınması texnologiyalarından istifadə olunur. Bu sistemlərin bəziləri ABŞ ərazisində ilk dəfə tətbiq edilir.
“İranın Trampı hədəfə almaq niyyəti sirr deyil”
Mətbuat konfransında çıxış edən Məxfi Xidmət direktorunun müavini Metyu Kuinn bildirib ki, İranın ABŞ Prezidenti Donald Trampı hədəfə almaq niyyətini açıq şəkildə ifadə etməsi artıq sirr deyil.
Kuinn etiraf edib ki, əvvəlki dövrdə keçmiş prezidentin təhlükəsizliyi üçün ayrılmalı olan maliyyə tam təmin edilməmişdi. Onun sözlərinə görə, hazırda bu sahədə resurs bölgüsü ilə bağlı problemlər aradan qaldırılıb.
“ABŞ-də PUA taktikasının tətbiqi an məsələsidir”
Kuinn pilotsuz uçuş aparatlarını (PUA) ən təcili və ən yüksək prioritetli təhlükə adlandırıb. O bildirib ki, kəşfiyyat məlumatları və Rusiya-Ukrayna müharibəsindən əldə olunan təcrübə göstərir ki, ABŞ-də də PUA taktikasından istifadə olunması yalnız zaman məsələsidir.
ABŞ Milli Təhdidlərin Qiymətləndirilməsi Mərkəzinin (NTAC) rəhbəri Lina Alatari isə son 25 ildə aparılan araşdırmaların potensial hücumçular üçün vahid bir profilin olmadığını ortaya qoyduğunu bildirib.
Onun sözlərinə görə, bu cür hücumların arxasında ən çox rast gəlinən motiv müəyyən şəxsə, ideyaya və ya ideologiyaya qarşı narazılıq və ya şikayət hissidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
