Oktyabr 6, 2026
Baku
Dünya Xəbərlər

ABŞ “HACM” hipersəs raketinin uçuş sınağını keçirib

ABŞ hazırlanan “HACM” (Hypersonic Attack Cruise Missile) hipersəs qanadlı raketinin ilk uğurlu uçuş sınağını keçirib.

Gundelik.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələri Avstraliya ilə birgə uzaqmənzilli zərbə imkanlarının təkmilləşdirilməsi istiqamətində davamlı fəaliyyətimiz çərçivəsində HACM hipersəs qanadlı raketinin uçuş sınaqlarını keçirib”, – deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi nəşrə bildirib. O əlavə edib: “Avstraliya Kral Hərbi Hava Qüvvələri HACM raketinin sınaq nümunəsini Avstraliyada xüsusi olaraq ayrılmış poliqon üzərində buraxaraq proqramın məqsədlərinin həyata keçirilməsi üçün mühüm məlumatlar toplayıb”.

Bununla belə, nəşrin həmsöhbəti raketin “buraxıldığı” poliqonun adını açıqlamayıb və sınaqların keçirildiyi tarixi dəqiqləşdirməyib. O, həmçinin raketin buraxılması üçün hansı təyyarədən istifadə edildiyini bildirməyib. Nəşrin məlumatına görə, dəfələrlə təxirə salınan uçuş sınağı Avstraliyadakı Woomera Test Range poliqonunda keçirilib.