ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınan rəsm əsəri hərracda 1,3 milyon dollara satılıb.
Gundelik.az xəbər verir ki, buna səbəb əsərin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğunun müəyyənləşdirilməsi olub.
Adı “Alderman Merriam’s Shells” olan rəsm əsərini alan şəxs onun bir küncündə “Abercrombie, ’51” yazıldığını görüb. Bunun ardınca aparılan araşdırmalar əsərin Gertruda Aberkrombinin itmiş əsərlərindən biri olduğunu üzə çıxarıb.
Hərraca çıxarılan əsərin ilkin olaraq 150-250 min dollar dəyərində olacağı gözlənilsə də, nəticədə 1,3 milyon dollara satılıb. Bu məbləğ Aberkrombinin əsərləri üçün rekord hesab olunur.
Araşdırmalar nəticəsində məlum olub ki, rəssam bu əsəri 1952-ci ildə Miçiqandan olan həkim Con Reynoldsa tibbi prosedur qarşılığında verib. Bundan sonra kətan təxminən 75 il həkimin ailəsində qalıb. Həkim əsəri rəsmi muzey sərgiləri üçün təqdim etsə də, zaman keçdikcə kolleksiyaçıların diqqətindən kənarda qalıb və yoxa çıxıb.
Bir müddət əvvəl isə adı açıqlanmayan şəxs əsəri Miçiqan ştatında keçirilən əmlak satışında cəmi 30 dollara əldə edib.
