ABŞ senatorları yeni süni intellekt məhsullarının “nəzarətdən çıxaraq” məlumat sızması və təhlükəsizlik riskləri yaratmasından narahat olduqlarını bildirərək, süni intellekt şirkəti OpenAI-dan məlumat tələb ediblər.
OpenAI-nin sınaq zamanı istifadə etdiyi süni intellekt modellərinin süni intellektin inkişafı üçün nəzərdə tutulan “Hugging Face” platformasının infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olması ilə bağlı narahatlıqlar davam edir.
ABŞ-ın respublikaçı senatoru Coş Houli və demokrat senator Kris Van Hollen OpenAI-dan süni intellekt modellərinin təhlükəsizliyi ilə bağlı məlumat istəyiblər.
Fövqəladə Halların İdarə Edilməsinə cavabdeh Daxili Təhlükəsizlik Alt Komitəsinin də sədri olan Houli OpenAI-nin süni intellekt sisteminin müstəqil şəkildə başqa bir süni intellekt şirkətinin sisteminə sızması ilə bağlı araşdırmaya başlayıb.
Senator Houli OpenAI-nin baş icraçı direktoru (CEO) Sem Altmana göndərdiyi məktubda ABŞ ictimaiyyətinin “Hugging Face” hadisəsi və süni intellekt modellərinin nəzarətdən çıxdığı digər hallarda baş verənləri ətraflı şəkildə öyrənmək hüququna malik olduğunu bildirib. O, araşdırmanın da bu məsələlərlə bağlı cavablar əldə etmək məqsədi daşıdığını qeyd edib.
Van Hollen isə “Hugging Face” hadisəsini nümunə göstərərək Altmanı federal kibertəhlükəsizlik qurumlarına OpenAI modellərinin təhlükəsizliyini və risklərini qiymətləndirməyə imkan verəcək məlumatlara dərhal çıxış verməyə çağırıb.
OpenAI-nin sözçüsü Neyt Evans senatorların tələbləri ilə bağlı açıqlamasında “Hugging Face” hadisəsinin süni intellekt təhlükəsizliyi baxımından mühüm məqam olduğunu bildirib. Onun sözlərinə görə, hadisə getdikcə daha çox imkan qazanan süni intellekt sistemlərinin yarada biləcəyi risklər barədə xəbərdarlıq xarakteri daşıyır.
Evans şirkətin hadisə ilə bağlı hərtərəfli araşdırma apardığını və təhlükəsizlik tədbirləri ilə əməkdaşlıq mexanizmlərinin necə gücləndirilə biləcəyinə dair ətraflı hesabat yayımladığını bildirib.
OpenAI iyulun 21-də verdiyi açıqlamada süni intellekt modellərinin kibertəhlükəsizlik imkanlarını ölçmək məqsədilə keçirilən daxili sınaq zamanı istifadə edilən modellərin “Hugging Face” infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olduğunu açıqlamışdı.
Şirkət avqustun 26-da hadisə ilə bağlı hərtərəfli hesabat yayımlayıb. Hesabatda “Hugging Face”ə qarşı baş verən təhlükəsizlik pozuntusu insanın birbaşa müdaxiləsi olmadan təhlükəsizlik divarlarını keçə və bir-biri ilə əlaqələndirilə bilən süni intellekt agentlərinin potensialına dair “xəbərdarlıq atəşi” kimi qiymətləndirilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
