Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Çindəki neft emalı zavoduna, həmçinin İran neftinin Çinə tədarükünü asanlaşdıran bir neçə şirkət və gəmilərə qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Birləşmiş Ştatlar Çinin “Shandong Shengxing Chemical” zavoduna 1 milyard dollardan çox dəyərində İran nefti aldığına görə sanksiya tətbiq edir”, – departamentin saytında yayılan məlumatda deyilir.
Dövlət Departamenti həmçinin bildirir ki, yeni sanksiyalar Çinə neft tədarükü ilə məşğul olan bir neçə İran şirkəti və gəmisinə təsir edəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brüs İrana və onun tərəfdaşlarına sanksiyalardan yayındıqları təqdirdə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İslam Respublikasına başladığı maksimum təzyiq siyasətini davam etdirmək, həmçinin İran neftinin həm Çinə, həm də digər ölkələrə qeyri-qanuni ixracını sıfıra endirmək niyyətindədir.
Gundelik.az

