İyul 24, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ-dən 60-dan çox ölkəyə yeni gömrük rüsumu dalğası

ABŞ Prezidenti Donald Tramp mövcud müvəqqəti tariflərin müddətinin başa çatması ilə eyni vaxtda onlarla ticarət tərəfdaşına qarşı yeni, ikirəqəmli gömrük rüsumlarını qüvvəyə mindirir.

ABŞ administrasiyası idxalının təxminən 99 faizini təşkil edən 60 ölkədən gətirilən məhsullara 10 faizdən 12,5 faizə qədər əlavə gömrük rüsumu tətbiq edəcək.

Vaşinqton qərarın səbəbi kimi həmin ölkələrin məcburi əməklə istehsal olunan malların idxalına qoyulan qadağaları kifayət qədər effektiv tətbiq etməməsini göstərib.

Yeni rüsumlar ABŞ Ali Məhkəməsinin fevral ayında Donald Trampın ən genişmiqyaslı tarif proqramını ləğv etməsindən sonra tətbiq olunan 10 faizlik qlobal müvəqqəti tariflərin müddətinin başa çatdığı gün – cümə günü saat 00:01-dən etibarən qüvvəyə minib.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib:

“ABŞ təxminən bir əsrdir ki, məcburi əməklə istehsal olunan malların idxalını qadağan edir və bu qadağaya ciddi şəkildə nəzarət edir. Ticarət tərəfdaşlarımızın da eyni addımı atmasının vaxtı çoxdan çatıb. Bu qərar həm insan hüquqlarının pozulmasının, həm də ticarəti pozan təcrübələrin aradan qaldırılmasına kömək edəcək və bütün dünyada işçilərin rifahını artıracaq.”

Qərarın hüquqi əsası

Donald Tramp bu addımı 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsaslandırır. Həmin maddə ABŞ prezidentinə “ədalətsiz”, “əsassız” və ya “ayrı-seçkilik xarakterli” ticarət siyasəti həyata keçirən ölkələrə qarşı gömrük rüsumları və digər məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir.

Tramp ilk prezidentliyi dövründə Çinə qarşı genişmiqyaslı tarifləri də məhz bu maddəyə əsasən tətbiq etmişdi.

Yeni tariflər də gündəmə gələ bilər

ABŞ Ticarət Nümayəndəliyi ölkənin idxalının təxminən 70 faizini təşkil edən 16 ölkə barədə yeni araşdırmaya başlayıb. Araşdırmada bu ölkələrin həddindən artıq istehsal hesabına qiymətləri aşağı salaraq ABŞ şirkətlərini qlobal bazarlarda rəqabət baxımından əlverişsiz vəziyyətə salıb-salmadığı yoxlanılacaq.

Araşdırmanın nəticələrindən asılı olaraq, 301-ci maddə çərçivəsində əlavə gömrük rüsumlarının tətbiqi də mümkün hesab olunur.

Hindistana güzəşt edilib

ABŞ rəsmilərinin sözlərinə görə, məcburi əməyə qarşı tədbirlərini gücləndirən bəzi ölkələr üçün tariflər azaldılıb. Bu çərçivədə Hindistana tətbiq olunması planlaşdırılan 12,5 faizlik rüsum 10 faizə endirilib.

Bununla yanaşı, neft, təbii qaz, gübrə və ABŞ–Meksika–Kanada Sazişi (USMCA) çərçivəsində rüsumsuz idxal edilən məhsullar yeni tariflərdən azad olunub.

Qərara münasibətlər

ABŞ-da gömrük rüsumlarını idxalçı şirkətlər ödəyir və onlar bu əlavə xərcləri əksər hallarda məhsulların qiymətinə əlavə edərək istehlakçılara ötürürlər. Bu səbəbdən yüksək yaşayış xərclərindən narazılığın artdığı bir vaxtda, noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində qəbul edilən qərarın siyasi risk daşıdığı qeyd olunur.

İnsan hüquqları təşkilatları qərarın arxasında siyasi motivlərin ola biləcəyini istisna etməsələr də, onun qlobal miqyasda məcburi əməyə qarşı mübarizəyə müəyyən töhfə verə biləcəyini bildirirlər.

İnsan Alveri Hüquq Mərkəzinin rəhbəri Martina Vandenberq qeyd edib ki, idxal qadağaları təsirli vasitə ola bilər, lakin ölkələrin yeni qaydalara uyğunlaşması üçün mərhələli keçid dövrünə ehtiyac var.

NYU Stern İnsan Hüquqları Mərkəzinin eksperti İzabel Qlimçer isə bildirib ki, mövcud tədbirlər əsasən idxala yönəldiyi üçün müəyyən çatışmazlıqlar var. Bununla belə, o hesab edir ki, bu təzyiq Hindistan kimi ölkələri xarici ticarət siyasətlərini yenidən nəzərdən keçirməyə sövq edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az