Brent markalı neftin bir bareli beynəlxalq əmtəə bazarlarında 99,63 ABŞ dollarından alınıb-satılır.
Dünən 102 dollara qədər bahalaşan Brent neftinin fyuçers qiyməti günü 100,69 dollar səviyyəsində başa vurub.
Bu gün saat 09:35-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti əvvəlki bağlanış göstəricisi ilə müqayisədə təxminən 1 faiz azalaraq 99,63 dollara düşüb. Eyni vaxtda ABŞ-ın WTI (West Texas Intermediate) markalı xam neftinin bir bareli isə 91,02 dollardan satılıb.
Neft qiymətlərindəki ucuzlaşmanın əsas səbəbləri ABŞ ilə İran arasında artan gərginliyə baxmayaraq bazarların gözlədiyi qədər fiziki neft təchizatında azalma baş verməməsi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini artıracağına dair gözləntilərin neftə tələbi zəiflədə biləcəyi ilə bağlı proqnozlardır.
Brent nefti dünən ABŞ ilə İran arasında gərginliyin Hörmüz boğazında neft daşımalarını poza biləcəyi narahatlığı fonunda may ayından bəri ən yüksək səviyyəsinə yüksəlib. Qiymət artımına Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməsi və Bab əl-Məndəb boğazında təhlükəsizlik risklərinin artması da təsir göstərib.
Dünya enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında mümkün toqquşmaların Qırmızı dəniz regionuna da yayılması qlobal neft bazarında narahatlıqları artırsa da, fiziki neft təklifinin güclü qalacağına dair gözləntilər qiymət artımını məhdudlaşdırıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol son açıqlamasında bildirib ki, hazırda qlobal neft bazarında tarazlığı qoruyan bir sıra amillər mövcuddur.
Onun sözlərinə görə, başda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla Körfəz ölkələri neftin mühüm hissəsini Hörmüz boğazından yan keçən alternativ marşrutlarla dünya bazarına çıxarmağa davam edir. Eyni zamanda boğaz vasitəsilə neft daşımaları da davam edir.
Açıqlamada qeyd olunub ki, ABŞ, Braziliya, Venesuela və Qazaxıstan kimi iri istehsalçı ölkələr də ixrac həcmini artıraraq Körfəz regionunda yarana biləcək təchizat itkilərinin bir hissəsini kompensasiya edir.
Tələb tərəfində isə Çinin xam neft idxalını müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 50 faiz azaltması bazarın tarazlaşmasına mühüm töhfə verib.
Fövqəladə neft ehtiyatlarının bazara çıxarılması qiymətləri sabitləşdirir
IEA bildirib ki, üzv ölkələrin bazara çıxardığı fövqəladə neft ehtiyatları bazarda gərginliyi əhəmiyyətli dərəcədə azaldır. Martın 11-də elan olunmuş birgə qərar çərçivəsində bazara çıxarılması planlaşdırılan 400 milyon barel neftin artıq təxminən 290 milyon bareli satışa buraxılıb, qalan hissəsi isə mərhələli şəkildə bazara təqdim edilir.
Agentlik vurğulayıb ki, üzv ölkələrin dövlət nəzarətində olan 1 milyard bareldən çox strateji neft ehtiyatı hələ də mövcuddur.
IEA-nın son “Neft Bazarı Hesabatı”na əsasən, Hörmüz boğazından neft daşımalarının yenidən bərpa olunması Körfəz ölkələrində hasilatın qismən artmasına şərait yaradıb. Nəticədə qlobal neft təchizatı iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 4,1 milyon barel artaraq 98 milyon 760 min barelə çatıb.
Bununla belə, qlobal neft hasilatı hələ də ABŞ/İsrail–İran müharibəsindən əvvəlki səviyyədən gündəlik təxminən 9,4 milyon barel aşağıdır. Lakin hasilatın bərpa olunmağa başlaması və yüksək səviyyədə qalması bazarda təchizatla bağlı narahatlıqları müəyyən qədər azaldıb.
Digər tərəfdən, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumata görə, ölkədə kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə gözləntilərin əksinə olaraq 2 milyon barel artaraq 411 milyon 700 min barelə yüksəlib. Halbuki bazar iştirakçıları ehtiyatların təxminən 2 milyon barel azalacağını proqnozlaşdırırdılar.
İran mətbuatının yaydığı məlumata görə isə İrana məxsus neft tankerlərindən biri ABŞ-ın açıq dənizdə tətbiq etdiyi blokadanı keçərək Oman dənizinə daxil olub. Bu xəbər İranın neft ixracının tam dayanmayacağına dair gözləntiləri gücləndirib və qiymətlər üzərində aşağı yönlü təzyiq yaradıb.
Fed-in faiz artımı gözləntiləri neft bazarına təsir göstərir
Neft qiymətlərində dünən qeydə alınan yüksəliş inflyasiya və iqtisadi artımla bağlı narahatlıqları artırıb. Bu vəziyyət mərkəzi bankların daha sərt pul siyasəti həyata keçirə biləcəyi ehtimalını gücləndirib.
Pul bazarlarında ABŞ Federal Ehtiyat Sisteminin ilin sonunadək iki dəfə faiz dərəcəsini artıracağı ehtimalı yüksək qiymətləndirilir. Proqnozlara görə, Fed sentyabr və ya oktyabr iclaslarının birində faiz artımına gedəcək, daha sonra isə dekabr ayında əlavə artım edəcək. Bu ssenarinin baş vermə ehtimalı 78 faiz səviyyəsində qiymətləndirilir.
Faiz dərəcələrinin artırılması iqtisadi fəallığı və neftə olan tələbi azalda biləcəyi üçün qiymətlərə təzyiq göstərməyə davam edir.
Analitiklərin fikrincə, texniki baxımdan Brent markalı neft üçün 101,17 dollar müqavimət, 99,34 dollar isə əsas dəstək səviyyəsi hesab olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
