ABŞ-ın Şərq Sahilini vuran güclü qar fırtınası həyatı demək olar ki, iflic vəziyyətinə salıb. Bazar ertəsi təsirli olan fırtına nəticəsində bölgədə rekord səviyyədə qar yağışı qeydə alınıb, 5 mindən çox uçuş ləğv edilib və milyonlarla insan mənfi təsirlənib. Milli Hava Xidməti Rhode Island və Massachusetts ştatlarının bəzi bölgələrində qar örtüyünün 94 santimetrə çatdığını açıqlayıb.
Nyu-York şəhərindəki Central Parkda isə 48 santimetrdən çox qar ölçülüb. Rhode Island ştatının paytaxtı Providence şəhərində 91 santimetr qar yağması ilə 1978-ci ildən bəri ən yüksək qar yağışı rekordu qırılıb.
Nəqliyyat və enerji xətlərində böyük problemlər
Fırtına səbəbilə Nyu-York, Nyu-Cersi və Massachusetts başda olmaqla Şərq Sahili boyunca 600 mindən çox ev və iş yerində elektrik kəsintisi yaşanıb.
Massachusetts qubernatoru Maura Healey ştatın cənub-şərqində məcburi olmayan bütün sürüşlər üçün yol hərəkəti qadağası tətbiq edib və görmə məsafəsinin azalması səbəbilə magistral yollarda sürət həddini saatda 25 kilometrə endirib.
Nyu-Yorkda isə günortaya qədər tətbiq edilən səyahət qadağası şəhəri demək olar ki, tərk edilmiş şəhərə çevirib. Rhode Island və Connecticut ştatlarında da oxşar məhdudiyyətlər qüvvəyə minib. Rəsmilər yollarda qalan nəqliyyat vasitələrinə çatmağın çətin olacağı barədə əhalini xəbərdar edib.
Minlərlə uçuş ləğv edildi
Hava nəqliyyatı fırtınadan ən çox zərər çəkən sahə olub. FlightAware məlumatlarına görə, ABŞ ilə əlaqəli 5 min 706 uçuş ləğv edilib. Nyu-Yorkdakı LaGuardia Hava Limanında uçuşların 98%-i, JFK Hava Limanında 91%-i və Boston Logan Beynəlxalq Hava Limanında 92%-i həyata keçirilə bilməyib.
Pis hava şəraiti səbəbilə çərşənbə axşamı günü də 2 mindən çox uçuşun ləğv ediləcəyi gözlənilir. Qar yağışının təsirini davam etdirdiyi bölgədə təmizləmə işlərinin sürdüyü bildirilib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
