Tramp administrasiyası aprelin əvvəlində qüvvəyə minən atəşkəs prosesi ilə birlikdə İranla müharibənin “sona çatdığını” irəli sürüb. Associated Press (AP) və Reuters-in məlumatına görə, bu addımın məqsədi hökumətin hərbi əməliyyatlar üçün Konqresdən icazə alma öhdəliyindən yayınmaqdır.
Yüksək səviyyəli bir administrasiya rəsmisi fevral ayında başlayan qarşıdurmaların artıq “bitdiyini” bildirib.
Rəsminin sözlərinə görə, 7 apreldə əldə olunan və müddəti uzadılan atəşkəsdən sonra ABŞ Silahlı Qüvvələri ilə İran arasında heç bir qarşılıqlı atəş açılmayıb.
Müharibə Səlahiyyətləri Qanunu müzakirəsi
Bu əsaslandırma 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qanunundan yayınma cəhdi kimi qiymətləndirilir.
Həmin qanuna görə, prezident 60 gündən artıq davam edən hərbi əməliyyatlar üçün Konqresdən rəsmi icazə almalıdır.
Tramp administrasiyasının ya münaqişəni dayandırması, ya da 60 günlük müddət tamamlanana qədər Konqresdən səlahiyyət alması tələb olunur.
Konqresdə narazılıq artır
Demokratlar Trampın İran əməliyyatları üçün rəsmi icazə alması istiqamətində təzyiqi artırır.
Bəzi Respublikaçılar isə əməliyyatların başlanğıcını dəstəkləsələr də, münaqişə uzanarsa Konqres nəzarətinin vacib olduğunu bildirirlər.
7 apreldə elan edilən atəşkəsdən sonra sahədə sakitlik olsa da, ABŞ administrasiyası hüquqi baxımdan münaqişəni “bitmiş” kimi təqdim edir.
Müxalifət isə atəşkəsin müharibəni hüquqi olaraq sona çatdırmadığını iddia edir.
Əgər Ağ Evin bu mövqeyi qəbul olunmazsa, Konqreslə administrasiya arasında ciddi konstitusion böhran yarana bilər.
Bəzi Respublikaçıların da dəstəyini geri çəkməsi halında, Trampın regiondakı hərbi mövcudluğu davam etdirmək üçün lazım olan büdcə və səlahiyyətləri itirmə ehtimalı var.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
