Aylarla hazırlaşır, yüzlərlə test həll edir, mövzuları dəfələrlə təkrarlayır, sınaq imtahanlarında yüksək nəticələr göstərir… Lakin qəbul imtahanı başlayanda qarşısına çıxan suallardan bəzilərinin cavabını xatırlaya bilmir. Bəs evdə rahatlıqla cavablandırdığı sualları abituriyent imtahan zalında niyə unudur?
Bu hal bir çox valideyn və şagirdi narahat etsə də, səbəb hər zaman hazırlığın zəif olması deyil. İmtahan həyəcanı, zaman təzyiqi, diqqətin dağılması və səhv etmək qorxusu bildiklərini xatırlamağa mane ola bilər.
“Biliklə yanaşı, onu tətbiq etmək bacarığı da formalaşmalıdır”
Mövzu ilə bağlı təhsil eksperti Anar Kazımov Gundelik.az-a açıqlamasında bildirib ki, abituriyentin imtahan zamanı bildiyi məlumatı xatırlaya bilməməsinin səbəblərindən biri psixoloji gərginlikdir. Onun sözlərinə görə, hazırlıq prosesində yalnız mövzuları öyrənmək və test həll etmək kifayət deyil, şagird həmin biliyi zaman məhdudiyyəti və stress altında tətbiq etməyə də alışmalıdır.
“Abituriyent evdə, yaxud repetitor yanında sualı rahat şəkildə cavablandıra bilər. Amma imtahan zalında vəziyyət dəyişir. Qarşısında vaxt məhdudiyyəti olur, digər abituriyentləri görür, nəticə ilə bağlı narahatlıq keçirir və bütün bunlar diqqətə təsir edə bilir. Nəticədə bildiyi məlumatı həmin anda xatırlamaqda çətinlik çəkir. Ona görə də sınaq imtahanları sadəcə nəticəni yoxlamaq üçün deyil, həm də real imtahan mühitinə uyğunlaşmaq üçün keçirilməlidir”, – deyə ekspert bildirib.
“Bir sualı bilməmək bütün imtahanın pis keçdiyi anlamına gəlmir”
Anar Kazımov qeyd edib ki, imtahan zamanı bir sualın cavabının xatırlanmaması abituriyentin həmin mövzunu bilmədiyi anlamına gəlmir.
Ekspertin fikrincə, belə vəziyyətdə əsas məsələ panikaya düşməmək və bir suala görə bütün imtahanın gedişatını pozmamaqdır.
“Abituriyent qarşısına çıxan sualı həmin anda xatırlamırsa, onun üzərində uzun müddət dayanmaq düzgün deyil. Suala işarə qoyub digər tapşırıqlara keçmək və daha sonra geri qayıtmaq olar. Çünki bəzən diqqət başqa suallara yönəldikdən sonra əvvəl cavabı xatırlanmayan sualın həlli də yadımıza düşür. Valideynlərin və müəllimlərin də imtahan ərəfəsində uşağın üzərində əlavə təzyiq yaratmaması vacibdir. ‘Mütləq filan balı toplamalısan’ kimi yanaşmalar həyəcanı daha da artıra bilər. Abituriyent bilməlidir ki, imtahan zamanı əsas məqsəd bildiyi sualları mümkün qədər düzgün cavablandırmaq və vaxtını düzgün idarə etməkdir”, – deyə o vurğulayıb.
Beləliklə, imtahanda bildiklərini unutmaq hər zaman biliyin zəif olması ilə əlaqəli deyil. Abituriyentin nəticəsinə hazırlıq səviyyəsi ilə yanaşı, stressi idarə etməsi, vaxt bölgüsünə əməl etməsi və imtahan şəraitinə əvvəlcədən uyğunlaşması da təsir göstərə bilər.
Nurəddin Abdullayev
Gundelik.az

