Bəzən bir zinət əşyası sadəcə gözəllik nümunəsi deyil, bütöv bir xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə yaşadan sənət əsəridir. Qızıl və gümüş üzərində işlənən hər bir naxış, hər bir incə detal keçmişlə bu gün arasında körpü yaradır. Azərbaycan milli ornamentləri də əsrlər boyu xalqımızın estetik dünyagörüşünü əks etdirərək xalçalarda, memarlıq abidələrində, geyimlərdə və zərgərlik nümunələrində özünəməxsus yer tutub. Bu gün həmin ornamentlərin müasir zərgərlik dizaynında tətbiqi milli irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Zərgər-dizayner Çinarə Bayramova Gundelik.az-a açıqlamasında Azərbaycan milli ornamentlərinin zərgərlik sənətində tətbiqi ilə bağlı fikirlərini bölüşərkən qeyd edir ki, milli naxışlar hər zaman böyük yaradıcılıq imkanlarına malik olub.

Onun sözlərinə görə, Azərbaycan ornamentləri yalnız dekorativ element deyil, xalqımızın tarixini, adət-ənənələrini və bədii təfəkkürünü özündə birləşdirən mühüm mədəni dəyərdir:
“Azərbaycan milli ornamentləri zərgərlik dizaynında xüsusi yer tutur. Bu naxışlar xalqımızın zəngin tarixini, mədəniyyətini və estetik zövqünü əks etdirir. Mənim fikrimcə, milli ornamentlərdən istifadə edərkən onların mahiyyətini qorumaq, eyni zamanda müasir dövrün tələblərinə uyğunlaşdırmaq çox vacibdir. Zərgərlik sənətində ənənə ilə müasirliyin vəhdəti yeni və fərqli nümunələrin yaranmasına imkan verir. Məsələn, buta motivi, nəbati naxışlar və həndəsi ornamentlər üzük, sırğa, boyunbağı, kulon və bilərziklərin dizaynında uğurla tətbiq oluna bilər. Bu motivlər zinət əşyalarına yalnız estetik gözəllik deyil, həm də milli kimlik qazandırır. Milli ornamentlərin müasir dizayna uyğunlaşdırılması yaradıcı yanaşma və xüsusi diqqət tələb edir. Dizayner naxışın formasını, kompozisiyasını və digər elementlərlə uyğunluğunu nəzərə almalıdır. Bəzən ənənəvi ornamentin ilkin formasını qorumaq, bəzən isə onu daha sadə və müasir üslubda təqdim etmək mümkündür. Əsas məqsəd milli motivlərin özünəməxsusluğunu itirmədən yeni dizayn həlləri yaratmaqdır.

Müasir texnologiyalar da bu sahədə geniş imkanlar yaradır. Kompüter proqramları vasitəsilə ornamentləri modelləşdirmək, onların müxtəlif ölçülərdə və formalarda necə görünəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkündür. Bununla yanaşı, ənənəvi zərgərlik üsullarının qorunması da vacibdir. Çünki milli sənətimizin özünəməxsusluğu yalnız naxışlarda deyil, onların işlənmə texnikasında və sənətkarın yanaşmasında da özünü göstərir. Düşünürəm ki, milli ornamentlərimizə marağın artırılması və onların müasir zərgərlik nümunələrində yaşadılması hər bir sənətkar üçün mühüm məsuliyyətdir. Biz yaratdığımız zinət əşyaları vasitəsilə mədəni irsimizi tanıda, milli dəyərlərimizi gələcək nəsillərə ötürə bilərik. Azərbaycan ornamentlərinin müasir dizaynla birləşdirilməsi həm milli zərgərlik sənətimizin inkişafına, həm də onun beynəlxalq səviyyədə tanınmasına töhfə verə bilər”.
Çinarə Bayramovanın yanaşmasına əsaslanan bu fikirlər göstərir ki, milli ornamentlər zərgərlik dizaynında yalnız bəzək elementi deyil, həm də mədəni yaddaşın ifadəsidir. Ənənəvi motivlərin müasir üslubda təqdim edilməsi Azərbaycan zərgərlik sənətinin inkişafı, milli kimliyin qorunması və zəngin sənət irsimizin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nurəddin Abdullayev
Gundelik.az
