Böyük Britaniyada Yorkşir qraflığındakı zooparkda pələnglərin olduğu qəfəsə tullanaraq həyatını itirən kişinin ağır psixi xəstəlikdən əziyyət çəkən aktyor olduğu məlum olub.
Gundelik.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
24 yaşlı Uilyam Çepmen uşaqlıq illərində komediya-dram janrında çəkilmiş May Contain Nuts filmində Harri Potter filmlərində Mızıldayan Mirtl obrazı ilə tanınan Şirli Hendersonla birlikdə rol alıb. O, həmçinin BBC-nin True Stories serialında çəkilib.
Oktyabrın 11-i, şənbə günü Çepmen Donkaster yaxınlığında yerləşən Yorkshire Wildlife Park zooparkına tək gəlib. Şahidlərin sözlərinə görə, o, qulaqcıqlarını taxaraq pələnglərin qəfəsinin yanında rəqs edir və fırlanırmış. Bəzi şahidlər onun anlaşılmaz dildə danışdığını və dua edirmiş kimi diz çökdüyünü də bildiriblər.
Bir müddət sonra Çepmen tanımadığı şəxsdən onu pələngin fonunda şəklə çəkməsini istəyib. Bir neçə dəqiqə sonra isə hasarı aşaraq qəfəsə tullanıb. Burada onun üzərinə çəkisi təxminən 200 kiloqram olan Altay adlı Amur pələngi hücum edib. Çepmen aldığı ağır xəsarətlərdən həyatını itirib.
Hadisədən sonra mərhumun ailəsi açıqlama yayaraq onun bir neçə il ərzində ciddi psixi xəstəlikdən əziyyət çəkdiyini və güclü təsirə malik dərmanlar qəbul etdiyini bildirib.
Ailə üzvləri ictimaiyyətdən kişinin həyatının son anlarını əks etdirən dəhşətli görüntüləri yaymağı dayandırmağı xahiş ediblər. Onların sözlərinə görə, həmin görüntülərin yayılması yaxınlarına böyük mənəvi əzab verir.
Daha əvvəl zoopark əməkdaşları Altay adlı pələngin hadisə zamanı xəsarət almadığını və sağlam olduğunu açıqlamışdılar. Baş verən faciəyə görə heyvan evtanaziya edilməyəcək.
Zooparkın nümayəndələri isə mərhumun ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Nuri
Gundelik.az
