Oktyabr 13, 2026
Baku
Ölkə Sağlamlıq Xəbərlər

Dodaq dolğusunda incə xətt: Təbii görünüşü nə müəyyən edir? – Kosmetoloq Zema Əhmədovadan AÇIQLAMA

Dodaq dolğusu estetik kosmetologiyada ən çox müraciət edilən prosedurlardan biridir. Lakin uğurlu nəticə yalnız dodaqların həcminin artırılması ilə ölçülmür. Dodağın anatomik quruluşu, üz cizgiləri ilə uyğunluğu, istifadə olunan dolğunun miqdarı və düzgün inyeksiya texnikası təbii görünüşün qorunmasında mühüm rol oynayır. Həddindən artıq dolğu isə üzün ümumi harmoniyasını poza və arzuolunmaz estetik nəticələrə səbəb ola bilər.

Mövzu ilə bağlı kosmetoloq Zema Əhmədova Gundelik.az-a açıqlamasında bildirib ki, dodaq dolğusu zamanı əsas məqsəd üzün təbii proporsiyalarını qorumaq və fərdi anatomik xüsusiyyətləri nəzərə almaqdır.

Onun sözlərinə görə, hər kəs üçün eyni dolğu həcminin və formasının uyğun olduğunu düşünmək düzgün deyil:

“Dodaqların ilkin ölçüsü, üst və alt dodaq arasındakı nisbət, dodaq konturu, çənə və burunla olan münasibət nəticənin təbii görünməsinə birbaşa təsir göstərir. Dolğu prosedurunda miqdar qədər düzgün planlama da vacibdir. Bəzi hallarda kiçik həcmli müdaxilə dodaqların konturunu və simmetriyasını yaxşılaşdırmaq üçün kifayət edir. Daha çox dolğu tətbiq edilməsi isə hər zaman daha gözəl nəticə demək deyil. Həddindən artıq dolğu dodaqların təbii formasının dəyişməsinə, konturun qeyri-təbii görünməsinə və üz cizgiləri arasında vizual uyğunsuzluğun yaranmasına səbəb ola bilər. Buna görə prosedurdan əvvəl pasiyentin anatomik xüsusiyyətləri və gözləntiləri ətraflı qiymətləndirilməlidir”.

O vurğulayıb ki, təbii nəticə əldə etmək üçün pasiyentin istəyi ilə anatomik imkanlar arasında balans qorunmalıdır.

“Dodaq dolğusunun məqsədi üz cizgilərini dəyişdirmək deyil, mövcud gözəlliyi vurğulamaq və harmoniyanı qorumaq olmalıdır. Beləliklə, dodaq dolğusunda incə xətt düzgün həcm seçimi, anatomik proporsiyaların nəzərə alınması və fərdi yanaşmadan keçir. Ən uğurlu nəticə isə dolğunun nəzərə çarpmadığı, dodaqların üzün ümumi görünüşü ilə təbii şəkildə uyğunlaşdığı nəticədir”, – deyə o bildirib.

Nurəddin Abdullayev
Gundelik.az