İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın ilk 3 mərtəbəsinin çökməsindən sonra tikili ilə bağlı diqqətçəkən məlumat açıqlanıb.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, Maltepe Bələdiyyəsinin sədri Esin Köymen binanın üst 2 mərtəbəsinin qanunsuz tikildiyini bildirib.
7 mərtəbəli binanın ilk 3 mərtəbəsi çökdü
Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Maltepenin Cevizli məhəlləsində, Doğu küçəsində yerləşən 7 mərtəbəli binada baş verib. Binanın ilk 3 mərtəbəsi çöküb, üst mərtəbələr isə tamamilə dağılmadan ayaqda qalıb.
Çökmədən sonra binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Tikilinin tamamilə uçma ehtimalına qarşı ərazidə tədbirlər gücləndirilib.
Dağıntılar altında qalan 14 nəfərdən 10-u xilas edilib
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, AFAD, UMKE, polis və təcili tibbi yardım briqadaları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib. Dağıntılar altında axtarış-xilasetmə işlərinə başlanılıb. Dağıntılar altında qalan 14 nəfərdən 10-u xilas edilib, 4 nəfərin axtarışı davam edir.
İstanbul Valiliyindən açıqlama
İstanbul Valiliyinin açıqlamasında bildirilib ki, oktyabrın 8-də saat 05:40 radələrində Maltepenin Cevizli məhəlləsində yerləşən 7 mərtəbəli binanın 3 mərtəbəsində çökmə baş verib. Hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və hüquq-mühafizə əməkdaşları cəlb olunub.
Binanın çökməzdən əvvəlki görüntüləri ortaya çıxıb
Bu arada ilk 3 mərtəbəsi çökən binanın hadisədən əvvəlki görüntüləri də yayılıb. Məlumata görə, binanın aşağı mərtəbəsində tekstil emalatxanası fəaliyyət göstərib.
Nurəddin Abdullayev
Gundelik.az
