Türkiyənin İzmir şəhərinin Karaburun rayonu sahillərində apreldə suya dalan həvəskar dalğıc təxminən 2-3 metr dərinlikdə Şərqi Roma imperatoru I İoann Tzimiskesin (969–976) dövrünə aid qızıl sikkə tapıb.
Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, dalgıç tapdığı tarixi əsəri İzmir Arxeologiya Muzeyinə təhvil verib. Mütəxəssislərin araşdırması nəticəsində sikkənin Bizans imperatoru I İoann Tzimiskesin hakimiyyəti dövrünə aid olduğu müəyyənləşdirilib.
Sikkənin bir üzündə başı halə ilə təsvir olunan İsa Məsihin əlini xeyir-dua işarəsi ilə qaldırdığı və əlində İncil tutduğu görünür. Digər üzündə isə Müqəddəs Məryəmin imperatoru sağ əli ilə taclandırmasını əks etdirən relyef var.
Bizans imperatorunun dövrünə aid qızıl sikkə
İzmir Arxeologiya Muzeyinin direktoru Savaş Gürbüz bildirib ki, sikkə Karaburun sahillərində həvəskar dalğıc tərəfindən tapılaraq muzeyə təhvil verilib. Onun sözlərinə görə, bu, Bizans dövrü kimi tanınan Şərqi Roma imperatoru I İoann Tzimiskesin hakimiyyəti dövrünə aid qızıl sikkədir.
Tarixi əsəri tapan vətəndaşa pul ödənilir
Gürbüz tarixi əsər tapan vətəndaşların onu ən yaxın yerli hakimiyyət orqanına və ya muzey direktoruna bildirməli və təhvil verməli olduğunu deyib.
Əsər muzeyə təqdim edildikdən sonra müvəqqəti qəbul sənədi hazırlanır. Daha sonra muzeydə mütəxəssislərdən ibarət komissiya yaradılır və tapıntının qanunvericiliyin tələblərinə uyğunluğu, inventara daxil ediləcək, yoxsa tədqiqat üçün nəzərdə tutulmuş əsər olması müəyyənləşdirilir.
Əgər tapıntı inventara daxil ediləcək tarixi əsər hesab olunarsa, xüsusi qiymətləndirmə komissiyası onun dəyərini müəyyənləşdirir və həmin məbləğ əsəri tapan vətəndaşa ödənilir.
13 448 tarixi əsər Türkiyəyə qaytarılıb
Tarixi əsərlərin qorunmasının vacibliyini vurğulayan Gürbüz bildirib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər Baş İdarəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsi 2002–2025-ci illər ərzində ölkədən qanunsuz yollarla çıxarılmış 13 448 tarixi əsərin hüquqi prosedurlar vasitəsilə Türkiyəyə qaytarılmasına nail olub.
Gürbüz vətəndaşları tarixi əsərləri qanunsuz yollarla satmaq və ya ölkədən çıxarmaq əvəzinə onları muzeylərə təhvil verməyə çağırıb.
Tapılan qızıl sikkənin də lazımi prosedurlar tamamlandıqdan sonra muzeyin fonduna veriləcəyi və uyğun görüldüyü təqdirdə ziyarətçilər üçün sərgidə nümayiş etdiriləcəyi bildirilib.
Nurəddin Abdullayev
Gundelik.az



