Sentyabr 21, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dünyada hər üç saniyədə bir nəfərdə bu xəstəlik inkişaf edir

Dünyada təxminən 55-57 milyon insanın demensiya ilə yaşadığı, orta hesabla hər üç saniyədə bir nəfərdə demens inkişaf etdiyi təxmin edilir.

Gundelik.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi 21 sentyabr – Ümumdünya Alzheimer Günü ilə bağlı açıqlamasında məlumat verib.

Nazirliyin məlumatına görə, Alzheimer xəstəliyi beyin hüceyrələrində zamanla yaranan zədələnmələr nəticəsində inkişaf edən xroniki və proqressiv xəstəlikdir. Xəstəlik irəlilədikcə beynin funksiyaları zəifləyir, insanın danışmaq, qərar qəbul etmək və gündəlik həyatını müstəqil şəkildə davam etdirmək qabiliyyəti tədricən itə bilər.

Nazirlik bildirir ki, Alzheimer və demensiya Türkiyədə də ictimai sağlamlığa təsir edən mühüm problemlər sırasındadır.

Demensiya və Alzheimer xəstəliyi ilə bağlı risk faktorlarının bir qismi, o cümlədən ailə xəstəlik tarixçəsi və cins dəyişdirilə bilməyən amillərdir. Bununla yanaşı, yüksək qan təzyiqi, yüksək xolesterin, piylənmə, 2-ci tip diabet, tütün və tütün məhsullarından istifadə, alkoqol qəbulu, fiziki hərəkətsizlik və zehni passivlik kimi dəyişdirilə bilən risk faktorları da mövcuddur.

Nazirliyin məlumatına əsasən, sağlam həyat tərzinin mənimsənilməsi və risk faktorlarının azaldılması xəstəliyin qarşısının alınmasına, gecikdirilməsinə və ya təsirlərinin azaldılmasına kömək edə bilər. Araşdırmalar dəyişdirilə bilən risk faktorlarına qarşı müvafiq tədbirlərlə demensiya hallarının 45 faizinin qarşısının alına və ya gecikdirilə biləcəyini göstərir.

Demensiyadan qorunmaq üçün zehni aktivliyi qoruyan fəaliyyətlərlə məşğul olmaq, müntəzəm fiziki aktivliyə üstünlük vermək, sağlam və balanslı qidalanmaq, sosial əlaqələri və sosial həyatı davam etdirmək, həmçinin qan təzyiqi, xolesterin və qan şəkərinin səviyyəsini mütəmadi nəzarətdə saxlamaq tövsiyə olunur.

Qeyd edək ki, demens insanın yaddaş, düşünmə, qərar qəbul etmə və gündəlik fəaliyyətlərini müstəqil şəkildə həyata keçirmə qabiliyyətlərinin tədricən zəifləməsinə səbəb olan simptomlar toplusudur. Alzheimer xəstəliyi isə demensiyanın ən geniş yayılmış növüdür və bütün demensiya hallarının təxminən 60-70 faizini təşkil edir.