Adi öskürək bir neçə həftə davam edir, boğaz ağrısı, əzələ gərginliyi və yuxu problemlərinə səbəb olur. Bəs öskürəyi yüngülləşdirmək üçün hansı üsullar həqiqətən faydalıdır?
Mançester Universitetinin professoru, öskürək klinikasının rəhbəri Ceki Smitin sözlərinə görə, əsasən iki növ öskürək var: quru və qıcıqlandırıcı öskürək, eləcə də adətən bəlğəmlə müşayiət olunan sinə mənşəli öskürək.
Öskürək şərbətləri onu tamamilə aradan qaldırmasa da, müəyyən qədər yüngülləşdirir. Lakin Smit xüsusilə evdə olan bəzi məhsullara üstünlük verir.
Bal
İlıq suya bal və limon əlavə etmək öskürəyə qarşı ənənəvi üsullardandır. Mütəxəssisə görə, bunun müəyyən elmi əsası var.
Şirin qidaların ağız boşluğundakı reseptorlar vasitəsilə öskürək refleksini zəiflədə bildiyinə dair sübutlar mövcuddur. Xüsusilə balın gecələr öskürən uşaqlarda öskürəyin azalmasına kömək edə biləcəyi göstərilib.
Bal həmçinin boğazı örtərək qıcıqlanmanı və öskürək hissini yüngülləşdirir.
Zərdəçal
Zərdəçalın öskürəyi azaltdığını göstərən kifayət qədər elmi sübut yoxdur. Bu, onun təsirsiz olduğunun sübutu deyil, sadəcə bu barədə araşdırmaların yetərli olmadığını göstərir.
İlıq və sakitləşdirici içkilər isə boğaz qıcıqlanmasını azaltmaqla öskürəyi müəyyən qədər yüngülləşdirir.
Zəncəfil və sarımsaq
Zəncəfil və sarımsağın boğaz və tənəffüs yollarında öskürəyi tətikləyən bəzi reseptorlara təsir göstərə biləcəyi düşünülür. Lakin bu təsirlə bağlı möhkəm elmi dəlillər hələ yoxdur.
Eyni nəzəriyyə acı bibərin tərkibindəki kapsaisinə də aiddir. Bəzi öskürək dərmanları və pastillərdə bu maddədən istifadə olunur.
Tünd şokolad
Şokoladın tərkibində teobromin adlı maddə var. Laboratoriya araşdırmalarında bu maddənin öskürək refleksini yaradan sinirlərin həssaslığını azalda bildiyi müşahidə olunub.
Lakin təsirin zəif olduğu müəyyən edilib. Buna görə şokoladı öskürək müalicəsi kimi qəbul etmək olmaz. Teobromin miqdarı daha yüksək olduğundan, bu məqsədlə tünd şokolad daha uyğun seçim sayılır.
Probiotiklər
Probiotiklərin öskürəyə təsiri ilə bağlı araşdırmalar hələ ilkin mərhələdədir. Bağırsaq bakteriyalarındakı dəyişikliklərin öskürək refleksinə və ya tənəffüs yollarındakı iltihaba necə təsir etdiyi tam aydın deyil.
Hansı qidalar öskürəyi artırır?
Bəzi insanlar süd və süd məhsullarının öskürəyi və bəlğəm hissini artırdığını bildirir. Lakin bununla bağlı elmi sübut yoxdur. Süd məhsulları bəlğəmli öskürəyi olan bəzi insanlarda boğazda örtülmə hissi yaradaraq narahatlığı artırır.
Mütəxəssisin klinikasında öskürəyi olan insanlara xüsusilə kofeindən uzaq durmaq tövsiyə olunur. Kofeinin birbaşa öskürəyi artırdığı sübut edilməsə də, turşu qıcqırmasını – reflünü gücləndirə biləcəyi düşünülür. Reflü isə bəzi insanlarda öskürəyə səbəb olur.
Öskürək zamanı nə etmək olar?
Mütəxəssisin əsas tövsiyəsi baldan istifadə etməkdir. Bundan əlavə, gün ərzində mütəmadi su içmək də boğazı rahatlaşdırır.
Udqunmaq öskürək refleksini zəiflədir və boğazı sakitləşdirir.
Beləliklə, mətbəxdə olan bir çox məhsul öskürəyi müalicə etməkdən daha çox, onun yaratdığı narahatlığı azaltmağa kömək edir. Özünüzü daha yaxşı hiss etməyiniz isə öskürək zamanı kiçik, lakin əhəmiyyətli bir rahatlıq yaradır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
