Sentyabr 14, 2026
Baku
Xəbərlər

Əmək və sosial siyasət komitəsində

Sentyabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Musa Quliyev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb. O, qeyd edib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Komitə sədri, ilk növbədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, sözügedən dövrdə komitənin 21 iclası keçirilib, ümumilikdə 40 məsələyə baxılıb. Həmçinin komitədə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda aidiyyəti qurumların iştirakı ilə ictimai dinləmə keçirilib.
Bildirilib ki, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 488 sənəd, o cümlədən vətəndaşlardan 284 ərizə, nazirliklərdən və idarələrdən 204 cavab məktubu daxil olub. Daha sonra Musa Quliyev gündəliyin ikinci məsələsi – Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O bildirib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə müzakirələrin təşkili nəzərdə tutulur.
Gündəlikdə üçüncü məsələ olan Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, qanunvericiliyə əsasən, ölkəmizdə gündəlik ümumi iş saatı limitləri müəyyənləşdirilib. Lakin beynəlxalq uzunmüddətli uçuşlar zamanı mövcud iş vaxtı məhdudiyyətləri uçuşların səmərəli təşkilinə mane olur. Qanun layihəsində təklif olunan dəyişikliklər isə, uzunmüddətli uçuşların həyata keçirilməsi üçün hava gəmisi heyətinin iş və istirahət rejiminin aviasiyanın xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğun daha çevik tənzimlənməsini nəzərdə tutur. Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə də komitə sədri məlumat verib.
Bildirilib ki, qanun layihəsinin əsas məqsədi küləkli hava şəraitində açıq iş yerlərində işin dayandırılmasını, həmçinin müasir yükqaldırıcı qurğuların texniki imkanları və küləyə davamlılıq göstəriciləri nəzərə alınmaqla küləkli hava şəraitində təhlükəsiz və səmərəli istismarını tənzimləməkdir. Müzakirələr zamanı deputatlar Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Jalə Əliyeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədlər
barədə fikirlərini bildiriblər. İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Tədbirdə komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Bədəl Bədəlov, Əziz Ələkbərov, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

         

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az