Sentyabr 10, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Səhər halsız oyananlar diqqət edin: Davamlı yorğunluğun 10 səbəbi

Kifayət qədər yatmağınıza və dincəlməyinizə baxmayaraq özünüzü daim yorğun hiss edirsinizsə, səbəb yalnız gərgin həyat tərzi deyil. Vitamin və mineral çatışmazlığından qalxanabənzər vəz xəstəliklərinə, yuxu apnesindən qan şəkəri pozğunluqlarına qədər bir çox amil davamlı halsızlığa səbəb olur.

Xüsusilə həftələrlə davam edən, getdikcə artan və gündəlik həyata təsir edən yorğunluq diqqətdən kənarda qalmamalıdır.

1. Dəmir çatışmazlığı

Dəmir çatışmazlığı davamlı yorğunluğun ən geniş yayılmış səbəblərindən biridir. Bu zaman halsızlıq, enerji azalması, diqqət dağınıqlığı və saç tökülməsi yaranır. İrəliləmiş çatışmazlıq qanazlığına səbəb olsa da, qanazlığı yaranmadan əvvəl də yorğunluq müşahidə edilə bilər.

2. B12, folat və D vitamini çatışmazlığı

B12 vitamini çatışmazlığı yorğunluqla yanaşı unutqanlıq, baş ağrısı və diqqət çətinliyi yaradır. Folat çatışmazlığı qanazlığı və halsızlığa, D vitamini səviyyəsinin aşağı olması isə bəzi insanlarda əzələ zəifliyinə və enerji azalmasına səbəb olur.

3. Qalxanabənzər vəz problemləri

Hipotireoz zamanı maddələr mübadiləsi yavaşlayır və davamlı yorğunluq, yuxululuq yarana bilər. Yorğunluqla yanaşı üşümə, çəki artımı, qəbizlik, dərinin quruması və saç tökülməsi müşahidə olunursa, qalxanabənzər vəzin funksiyalarının yoxlanılması lazım gəlir.

4. Yuxu apnesi

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər dincəlməmiş oyanırsınızsa, səbəb yuxu apnesi ola bilər. Güclü xoruldama, yuxuda nəfəsin qısa müddətə dayanması, səhər baş ağrısı və gün ərzində yuxululuq bu vəziyyətin əsas əlamətləri arasındadır.

5. Qan şəkərinin yüksək olması

Şəkərli diabet və nəzarətsiz yüksək qan şəkəri də davamlı yorğunluğa səbəb olur. Həddindən artıq susama, ağız quruluğu, bulanıq görmə və səbəbsiz çəki dəyişiklikləri də varsa, qan şəkərinin yoxlanılması vacibdir.

6. Qeyri-kafi qidalanma və susuzluq

Qeyri-müntəzəm qidalanma, həddindən artıq şəkər və çox emal olunmuş məhsullar enerji səviyyəsinə mənfi təsir göstərir. Uzun müddət ac qalmaq və kifayət qədər su içməmək də halsızlıq və diqqət dağınıqlığına səbəb olur. Balanslı qidalanma və kifayət qədər maye qəbulu vacibdir.

7. Stress və depressiya

Davamlı yorğunluq hər zaman fiziki xəstəliklə bağlı olmur. Güclü stress, emosional tükənmə və depressiya da enerji azalmasına səbəb olur. Əvvəllər zövq alınan fəaliyyətlərə marağın azalması, istəksizlik, yuxu pozuntusu və uzunmüddətli ruh düşkünlüyü də müşahidə edilirsə, psixoloji vəziyyət də qiymətləndirilməlidir.

8. Revmatik xəstəliklər

Yorğunluq oynaq ağrısı, şişkinlik, səhərlər oynaqlarda tutulma və hərəkət məhdudluğu ilə birlikdə müşahidə olunursa, revmatik xəstəliklər də ehtimal edilir.

9. Böyrək xəstəlikləri

Xroniki böyrək xəstəlikləri erkən mərhələdə heç bir ciddi əlamət verməyə bilər. Xəstəlik irəlilədikcə halsızlıq və davamlı yorğunluq yarana bilər. Xüsusilə yüksək təzyiqi, diabeti və ya ürək-damar xəstəliyi olan şəxslərin böyrək funksiyalarını mütəmadi yoxlatdırması vacibdir.

10. Xərçəng

Davamlı yorğunluq təkbaşına xərçəng əlaməti hesab edilmir. Lakin uzun müddət davam edən və səbəbi bilinməyən yorğunluqla yanaşı səbəbsiz çəki itkisi, uzunmüddətli qızdırma, gecə tərləməsi, bədəndə kütlə, uzun sürən öskürək varsa, həkimə müraciət etmək lazımdır.

Yorğunluğu normallaşdırmayın

Kifayət qədər yatmağınıza və dincəlməyinizə baxmayaraq yorğunluq həftələrlə davam edirsə, səbəbi araşdırılmalıdır. Həkim müayinəsi və lazım gəldikdə qan analizləri ilə dəmir, B12, folat, D vitamini, qalxanabənzər vəz, qan şəkəri və böyrək funksiyaları qiymətləndirilməlidir.

Əsas məqsəd yalnız yorğunluğu azaltmaq deyil, onun arxasında duran səbəbi müəyyənləşdirməkdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az