Sentyabr 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sadə dalğınlıqdır, yoxsa ciddi problem?

Açarın yerini unutmaq, bir adı bir neçə saniyə xatırlaya bilməmək və ya otağa niyə girdiyini qısa müddətlik unutmaq əksər insanların zaman-zaman yaşadığı adi hallardır. Stress, sıx iş qrafiki və yuxusuzluq diqqət və yaddaşa müvəqqəti təsir göstərir.

Lakin unutqanlığın getdikcə artması və gündəlik həyata təsir etməsi diqqətdən kənarda qalmamalıdır.

Eyni sualları təkrar-təkrar verirsinizsə, diqqət

Yaxın zamanda baş verən söhbəti tamamilə unutmaq, eyni sualı qısa fasilələrlə təkrar vermək, əvvəldən yaxşı tanınan yolda itmək, alış-veriş, görüşlər və pul idarəçiliyində çətinlik çəkmək ciddi diqqət tələb edən əlamətlər sırasında göstərilir.

Hər unutqanlıq xəstəlik demək deyil

Nevroloq Dr. Dilek Kasım Yücelin sözlərinə görə, yaddaş və diqqət problemləri hər zaman nevroloji xəstəlikdən qaynaqlanmır. Stress, yuxu problemləri, bəzi vitamin çatışmazlıqları, qalxanabənzər vəz problemləri, depressiya və müəyyən dərmanlar da unutqanlığa səbəb olur.

Sadə dalğınlıq yaşayan insan adətən unutduğunun fərqində olur və bir qədər düşündükdən sonra xatırlaya bilir.

Gündəlik həyata təsir edirsə, ciddiyə alın

Unutqanlıq zaman keçdikcə artırsa, iş və sosial həyata mane olursa və yaxınları tərəfindən də hiss edilməyə başlayırsa, həkim, xüsusilə nevroloq tərəfindən qiymətləndirilməsi tövsiyə olunur.

Qısacası, arabir nəyisə unutmaq normal hesab edilir. Lakin unutqanlığın davamlı xarakter alması və gündəlik işlərdə çətinlik yaratması mütləq diqqət tələb edir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az