Gün ərzində istər kiçik, istərsə də böyük məsələlərlə bağlı dəfələrlə qərar veririk. Seçimlərin çoxluğu və davamlı qərar qəbul etmək zamanla insanı psixoloji cəhətdən yoraraq “qərar yorğunluğu”na səbəb olur.
Psixoloq Roy F. Baumeister və həmkarlarının araşdırmalarında bu vəziyyət insanın koqnitiv resurslarının tükənməsi ilə əlaqələndirilir. İnsan ard-arda qərarlar verdikcə diqqəti və özünü idarəetmə qabiliyyəti zəifləyir, qərarların keyfiyyəti aşağı düşür.
Qərar yorğunluğunun əsas əlamətləri qərar verməkdən yayınma, işləri təxirə salma, məsuliyyəti başqasının üzərinə atma, özünü tükənmiş hiss etmə və emosiyaları idarə etməkdə çətinlik çəkməkdir.
Hüquq, təhsil, səhiyyə və informasiya texnologiyaları sahəsində çalışanlar daha çox qərar qəbul etdikləri üçün bu vəziyyətlə daha tez-tez qarşılaşırlar. Günün sonuna doğru yorğunluğun artması da qərarvermə qabiliyyətinə mənfi təsir göstərir.
Qərar yorğunluğunun qarşısını necə almaq olar?
Mütəxəssislər bunun üçün gün ərzində fasilələr verməyi, kifayət qədər yatmağı, ac və yorğun halda mühüm qərarlar qəbul etməməyi, gündəlik plan və rutinlər yaratmağı tövsiyə edirlər. Seçimlərin sayını azaltmaq, mükəmməl nəticə əvəzinə kifayət qədər yaxşı nəticəyə fokuslanmaq və vacib qərarları günün ilk saatlarına saxlamaq da faydalı olur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
