Sarı nöqtə xəstəliyi, xüsusilə yaşlı insanlarda görmə itkisinə səbəb ola bilən xroniki göz xəstəliyidir. Erkən mərhələdə aşkarlandıqda xəstəliyin inkişafını ləngitmək və görmə qabiliyyətini qorumaq mümkündür.
Xalq arasında “sarı nöqtə xəstəliyi” kimi tanınan yaşa bağlı makula degenerasiyasına əsasən 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Xəstəliyin görülmə tezliyi 75 yaşdan sonra daha da artır. Bu zaman insan mərkəzi və kəskin görmə qabiliyyətini itirir. Məsələn, oxuyarkən sözün ortasındakı hərfləri görməkdə çətinlik çəkir.
Xəstəliyin yaranmasında əsas amil yaşlanma olsa da, genetik faktor və ultrabənövşəyi şüalar da risk yaradır. Ailəsində sarı nöqtə xəstəliyi olan insanların müəyyən yaşdan sonra mütəmadi göz müayinəsindən keçməsi tövsiyə olunur.
Xəstəliyin quru və yaş olmaqla iki tipi var. Quru tipdə hüceyrələr tədricən zədələnir, yaş tipdə isə gözdə yeni damarlar yaranaraq maye və qan sızmasına səbəb olur. Yaş tipin müalicəsində göz daxilinə xüsusi dərmanlar yeridilir.
Mütəxəssislər xəstəliyin qarşısını almaq və riskini azaltmaq üçün günəşin güclü olduğu saatlarda gün eynəyindən istifadə etməyi, siqaretdən uzaq durmağı və tərəvəz-meyvə ilə zəngin Aralıq dənizi tipli qidalanmaya üstünlük verməyi məsləhət görürlər.
Sarı nöqtə xəstəliyində müntəzəm göz müayinəsi böyük əhəmiyyət daşıyır. Erkən diaqnoz müalicənin nəticələrini yaxşılaşdırır və görmə itkisinin qarşısının alınmasına kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
