Mədəaltı vəzi xərçəngi erkən mərhələdə çox vaxt ciddi əlamət vermədiyi üçün gec aşkarlanan və müalicəsi çətin olan xərçəng növlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xəstəlik dünyada ən çox rast gəlinən xərçəng növləri arasında 12-ci yerdədir.
Mütəxəssislərin sözlərinə görə, xəstəliyin əsas əlamətləri arasında sarılıq, qarın ağrısı, ürəkbulanma və qusma yer alır. Lakin bu əlamətlər adətən xəstəliyin daha gec mərhələlərində ortaya çıxır. Buna görə də erkən diaqnoz qoymaq çətin olur.
Xərçəng erkən mərhələdə aşkarlandıqda müalicənin nəticələri daha yaxşı olur. Müasir dövrdə cərrahi müdaxilə, kimyaterapiya və şüa müalicəsindəki inkişaf xəstələrin yaşam müddətinin uzadılmasına imkan verir.
Mütəxəssislər bildirirlər ki, yaş, siqaret və alkoqol istifadəsi, piylənmə, diabet, genetik və ətraf mühit amilləri xəstəliyin riskini artırır. Ailəsində mədəaltı vəzi xərçəngi olan şəxslərin isə daha diqqətli olması tövsiyə edilir.
Xəstəlikdən qorunmaq üçün sağlam qidalanmaq, fiziki aktiv olmaq, siqaretdən və həddindən artıq alkoqol istifadəsindən uzaq durmaq vacibdir. Hazırda mədəaltı vəzi xərçəngi üçün süd vəzi və yoğun bağırsaq xərçəngində olduğu kimi geniş tətbiq olunan standart skrininq testi mövcud deyil.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
