Tofiq Məhərrəmoğlu (Tofiq Abdin) — azərbaycanlı publisist, yazıçı. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi.
Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini
bitirib. Həmin ildən “Qobustan” toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin “Orta doğu” və “Yeni Asiya” qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət “Ədalət” qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın “Bir gün də insan ömrüdür” poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Tofiq Abdin 24 fevral 2014-cü ildə ürək tutmasından vəfat edib.
Əsərləri: “Etüd” (sənədli hekayələr) (1969), “Nəğməli gecələr” (1972), “Ata sevgisi” (1978), “Bəlkə bir də görüşdük” (1984), “Sahilsiz dünya” (1986), “Bəşir Səfəroğlu”
(1986) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 875.
Gundelik.az
