Sentyabr 1, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İki yaşından əvvəl şəkər qəbulunu məhdudlaşdırmaq beyin sağlamlığını qoruyur

Yeni araşdırma körpəlik dövründə şəkər qəbulunun məhdudlaşdırılmasının illər sonra demensiya riskinə təsir göstərə biləcəyini ortaya qoyub.

Alimlərin apardığı araşdırmaya görə, həyatın ilk iki ilində şəkər qəbulunun az olması sonrakı onilliklərdə beyin sağlamlığının qorunmasına kömək edir. Araşdırmada erkən yaşlarında şəkər məhdudiyyəti tətbiq olunan insanların demensiya riskinin 23 faiz daha aşağı olduğu müəyyən edilib.

Tədqiqat İngiltərədə İkinci Dünya müharibəsindən sonra tətbiq olunan şəkər məhdudiyyətlərinin 1953-cü ildə sona çatmasını “təbii eksperiment” kimi qiymətləndirib. Həmin dövrdə gündəlik şəkər istehlakının təxminən 41 qramdan 80 qrama yüksəldiyi hesablanırdı.

Araşdırmada İngiltərə BioBank məlumatlarından istifadə edilərək təxminən 65 min insanın sağlamlıq göstəriciləri araşdırılıb. Nəticələr şəkərin erkən yaşlarda məhdudlaşdırılması ilə demensiya riskinin azalması arasında əlaqə olduğunu göstərib.

Araşdırmanın müəllifi Jiazhen Zheng bildirib ki, həyatın ən erkən mərhələlərində şəkər qəbulunun məhdudlaşdırılması beyin sağlamlığı üçün uzunmüddətli fayda verir.

Nəticələr hələ qəti deyil

Mütəxəssislər isə araşdırmanın nəticələrinə ehtiyatla yanaşırlar. Çünki tədqiqat iştirakçıların nə qədər şəkər qəbul etdiyini birbaşa ölçməyib, yalnız onların şəkər məhdudiyyətlərinin tətbiq olunduğu dövrdə doğulub-doğulmadığını nəzərə alıb.

Bundan başqa, araşdırmada 1940–1950-ci illərdə doğulan insanlar iştirak edib. Həmin dövrdə uşaqların qidalanma və süddən kəsilmə vərdişləri indiki dövrdən fərqli olub.

Mütəxəssislər vurğulayırlar ki, araşdırma az şəkər qəbulunun demensiyanın qarşısını birbaşa aldığını sübut etmir. Bunun üçün əlavə tədqiqatlara ehtiyac var.

Bununla belə, alimlər sağlam və balanslı qidalanmanın beyin sağlamlığını dəstəkləyən mühüm amillərdən biri olduğunu bildirirlər. Sağlam qidalanmaya başlamaq üçün isə heç vaxt gec deyil.

 

Mənbə:BBC Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az