Sağlam qidalanmada yalnız nə yediyimiz deyil, nə vaxt yediyimiz də önəmlidir. Araşdırmalar göstərir ki, orqanizmin bioloji saatı aclıq, həzm və maddələr mübadiləsinə təsir edir.
Bu yanaşma “xrononutrisiya” adlanır. Tədqiqatlara görə, günün gec saatlarında yemək qan şəkərinin idarə olunmasını çətinləşdirir, iştahanı artırır və çəki alma riskini yüksəldir.
Daha erkən yemək çəkiyə təsir edir
İspaniyada 420 yetkin insanın iştirakı ilə aparılan araşdırmada günorta yeməyini daha erkən yeyənlərin gec yeyənlərlə müqayisədə daha çox və daha sürətli çəki itirdiyi müəyyən edilib.
Mütəxəssislər bunu orqanizmin günün erkən saatlarında qidaları daha səmərəli emal etməsi ilə əlaqələndirirlər.
Gec yemək qan şəkərini yüksəldir
Araşdırmalar göstərir ki, yatmağa yaxın yemək yeyildikdə orqanizm qlükozanı daha zəif emal edir. Bu zaman qan şəkərinin səviyyəsi yüksəlir, insulin ifrazı isə azalır.
Gec saatlarda yemək həmçinin toxluq hormonu olan leptinin daha az ifraz olunmasına, ertəsi gün isə daha çox aclıq hissinə səbəb olur.
Ürək sağlamlığı üçün səhər yeməyi də vacibdir
Fransada 100 mindən çox insanın iştirak etdiyi araşdırmada səhər yeməyini daha gec edən şəxslərdə ürək-damar xəstəlikləri riskinin daha yüksək olduğu aşkarlanıb.
Araşdırmaçılar axşam yeməyini daha erkən yeməyin və gecə daha uzun müddət qida qəbul etməməyin ürək sağlamlığı baxımından faydalı ola biləcəyini bildirirlər.
Bəs axşam yeməyi saat neçədə olmalıdır?
Mütəxəssislərə görə, bunun üçün hamıya uyğun vahid ideal saat yoxdur. Əsas qayda günün ən böyük yeməyini daha erkən saatlara keçirmək və axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl bitirməkdir.
Axşam yeməyində daha yüngül, xüsusilə proteinlə zəngin qidalara üstünlük vermək məsləhətdir. Gecə acdıqda isə kiçik porsiyada proteinli qəlyanaltı seçmək daha uyğundur.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
