Həftənin müəyyən günlərində və ya günün müəyyən saatlarında qida qəbulunu məhdudlaşdırmağa əsaslanan aralıqlı oruc son illərdə geniş populyarlıq qazanıb. Bu üsulun yalnız arıqlamağa deyil, həm də diabet, xərçəng, ürək-damar xəstəlikləri və koqnitiv geriləmə riskini azaltmağa kömək etdiyi iddia olunur.
Lakin son elmi araşdırmalar bu faydaların nə dərəcədə real olduğunu sual altına alır. Mütəxəssislər bildirirlər ki, aralıqlı oruc arıqlamağa kömək edir, amma digər pəhrizlərdən daha üstün olduğu hələ sübut edilməyib.
İnsanlarda nəticələr heyvanlardakı qədər təsirli deyil
Aralıqlı orucun faydaları ilə bağlı ən təsirli nəticələr əsasən siçanlar, milçəklər və digər laboratoriya heyvanları üzərində aparılan tədqiqatlardan əldə olunub. Bu heyvanlarda aralıqlı oruc piylənmənin və bəzi xəstəliklərin qarşısının alınması, eləcə də hüceyrələrin yenilənməsi ilə əlaqələndirilib.
İnsanlar üzərində aparılan araşdırmalarda isə nəticələr daha qarışıqdır.
ABŞ-ın İllinoys Universitetinin qidalanma professoru Krista Varadinin sözlərinə görə, aralıqlı oruc formasından asılı olaraq insanlarda təxminən 5 faiz çəki itkisinə səbəb olur. Lakin bu nəticə digər pəhriz strategiyalarından əhəmiyyətli dərəcədə üstün deyil.
Bəzi tədqiqatlarda xolesterin və qan təzyiqi kimi metabolik göstəricilərdə yaxşılaşma müşahidə edilsə də, daha sərt oruc rejimlərinin əzələ kütləsini azaltmaq kimi mənfi təsirləri də olur.
Xərçəng və beyin funksiyaları ilə bağlı iddialarda da oxşar vəziyyət müşahidə olunur. Heyvanlarda ümidverici nəticələr əldə edilsə də, insanlarda eyni təsirlər hələ kifayət qədər təsdiqlənməyib.
Əsas problem: İnsanlar həqiqətən nə yeyir?
Tədqiqatçıların qarşılaşdığı ən böyük problemlərdən biri insanların gündəlik qida qəbulunu dəqiq müəyyənləşdirməkdir.
İnsanlardan gün ərzində yediklərini qeyd etmələri istənilir. Lakin onlar bəzi qidaları unuda, porsiyaların miqdarını səhv göstərə və ya pəhrizə tam əməl etmədikləri üçün bəzi qidaları qeyd etməyə bilərlər.
2025-ci ildə aparılan araşdırmaya əsasən, insanlar qəbul etdikləri qidanın miqdarını orta hesabla 400–800 kalori az göstərə bilirlər.
Daha dəqiq ölçmə üsullarından biri isə “ikiqat işarələnmiş su” metodudur. Bu üsul vasitəsilə orqanizmin nə qədər enerji sərf etdiyi daha obyektiv şəkildə müəyyənləşdirilə bilir.
Yeni texnologiyalar vəziyyəti dəyişə bilər
Alimlər insanların qida qəbulunu daha dəqiq izləmək üçün yeni texnologiyalar üzərində işləyirlər. Bunlara çeynəmə hərəkətlərini müəyyən edən boyunbağılar, insanın ağzına nə qədər və nə vaxt qida apardığını izləyən ağıllı çəngəllər və hətta dişə yerləşdirilən qida sensorları daxildir.
Bəzi tədqiqatlarda insanların yedikləri qidaların fotolarını avtomatik çəkən kameralar da sınaqdan keçirilir. Lakin bu texnologiyalar məxfiliklə bağlı suallar doğurur və bir çoxu hələ prototip mərhələsindədir.
Bəs aralıqlı oruc faydalıdırmı?
Mövcud elmi məlumatlara əsasən, aralıqlı oruc arıqlamağa və bəzi metabolik göstəriciləri yaxşılaşdırmağa kömək edir. Ancaq onun digər pəhrizlərdən daha faydalı olduğu və ömrü uzatdığı barədə kifayət qədər güclü sübut yoxdur.
Mütəxəssislər xüsusilə sosial mediada yayılan şişirdilmiş iddialara ehtiyatla yanaşmağı tövsiyə edirlər. Çünki heyvanlar üzərində əldə olunan nəticələri birbaşa insanlara tətbiq etmək düzgün deyil.
Alimlərin fikrincə, aralıqlı orucun real təsirlərini müəyyənləşdirmək üçün insanların qidalanması ilə yanaşı, fiziki aktivlik, yuxu, qəbul edilən kalorilər və digər həyat tərzi amilləri də daha dəqiq izlənilməlidir.
Yəni aralıqlı oruc nə “möcüzəvi” üsuldur, nə də tamamilə faydasız hesab edilir. Onun üstünlüklərini və uzunmüddətli təsirlərini dəqiq müəyyənləşdirmək üçün daha keyfiyyətli insan tədqiqatlarına ehtiyac var.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
