Xalq arasında “oynaq əhənglənməsi” kimi tanınan osteoartrit (artroz) müalicə olunmadıqda oynaqlarda ciddi aşınmaya, ağrıya, deformasiya və hərəkət məhdudiyyətinə səbəb olur. Artroz üçün əsas risk faktorlarından biri isə artıq çəki və piylənmədir.
“Oynaqlarım ağrıyır” şikayətinə xüsusilə müəyyən yaşdan sonra daha çox rast gəlinir. Qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə olunan bu problemin əsas səbəblərindən biri artrozdur. Ən çox rast gəlinən oynaq xəstəliklərindən biri olan artroz birbaşa həyati təhlükə yaratmasa da, insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Yaş artdıqca risk yüksəlir
65 yaşdan yuxarı insanların yarıdan çoxunun rentgen müayinəsində artroz əlamətlərinə rast gəlinir. Xəstəlik əsasən yaşla əlaqəli olsa da, gənclərdə də yaranır.
Artroz yalnız oynaq qığırdağının aşınması ilə məhdudlaşmır. O, sümük, bağ, vətər və əzələ kimi strukturlara da təsir göstərir.
Xəstəliyin ilkin mərhələsində əsas şikayətlər hərəkət zamanı artan, istirahət etdikdə azalan ağrı və səhər sərtliyidir. İrəliləmiş mərhələdə isə ağrı davamlı xarakter alır, gündəlik işləri yerinə yetirmək çətinləşir. Oynaqda deformasiya, hərəkət məhdudiyyəti və oynaq ətrafındakı əzələlərdə zəiflik də yaranır.
Müalicə olunmadıqda oynaq aşınır
Artroz insanın gündəlik həyatına ciddi təsir göstərir. Müalicə edilmədikdə oynaqlarda aşınma daha da artır, ağrı və deformasiya yaranır, hərəkət imkanları məhdudlaşır və insanın müstəqil fəaliyyət göstərməsi çətinləşir.
Piylənmə əsas risk faktorlarından biridir
Artroz qadınlarda daha çox müşahidə olunur. Əsas risk faktorlarından biri isə artıq çəki və piylənmədir.
Artıq çəki oynaqlara düşən yükü artıraraq aşınmanı sürətləndirir. Bundan əlavə, piy toxumasından ifraz olunan bəzi maddələr də artrozun yaranmasına və inkişafına təsir göstərir. Artıq çəkisi olan insanlarda xəstəlik yalnız diz oynaqlarında deyil, əl oynaqlarında da daha çox görülür.
Şəkərli diabet kimi bəzi metabolik və endokrin xəstəliklər, oynaqları həddindən artıq yükləyən işlər, oynaq travmaları, oynaq əməliyyatları və oynaq boşluğu da artroz riskini artırır.
Ən çox diz və bud-çanaq oynaqlarına təsir edir
Artroz daha çox diz və bud-çanaq oynaqlarında meydana gəlir. Bundan başqa, onurğa oynaqlarında və əl barmaqlarının oynaqlarında da tez-tez rast gəlinir.
Müalicədə fizioterapiya və idman vacibdir
Artrozun müalicəsində ilk addımlardan biri çəkiyə nəzarət etməkdir. Xüsusilə piylənməsi olan insanlarda artıq çəkidən xilas olmaq xəstəliyin əlamətlərinin nəzarətdə saxlanılması baxımından böyük əhəmiyyət daşıyır. Çəki azaldılmadıqda oynaq ağrıları qısa müddət sonra yenidən ortaya çıxır.
Bununla yanaşı, xəstələr oynaqları həddindən artıq yükləyən və tez-tez təkrarlanan hərəkətlərdən uzaq durmalı, uyğun fiziki fəaliyyət və məşqləri gündəlik həyatlarının bir hissəsinə çevirməlidirlər.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin mərhələsindən asılı olaraq müxtəlif dərman müalicələri və xüsusi məşqlər tətbiq edilməlidir. Fərdi şəkildə seçilən məşqlər oynaq ətrafındakı əzələləri gücləndirərək oynağın sabitliyini artırır və ona düşən yükü azaldır.
Fizioterapiya və reabilitasiya üsulları isə oynaqda iltihabın azalmasına, əzələ spazmının aradan qaldırılmasına və oynağın funksiyasının qorunmasına kömək edir. Buna görə artrozun müalicəsində yalnız dərmanlara güvənmək düzgün yanaşma hesab edilmir.
Mütəxəssislərin əsas tövsiyəsi: çəkini nəzarətdə saxlamaq, oynaqları həddindən artıq yükləməmək və müntəzəm fiziki məşqləri həyat tərzinə çevirməkdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
