Sentyabr 8, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlarda qaraciyər piylənməsi: Səssiz irəliləyən xəstəlik

Uşaqlıq dövründə piylənmənin artması yalnız çəki probleminə deyil, qaraciyərin piylənməsinə də səbəb olur. Xəstəlik uzun müddət heç bir əlamət vermədən irəliləyə və zamanla daha ciddi qaraciyər problemlərinə yol açır.

Hərəkətsiz həyat tərzi, yüksək kalorili və ultra emal olunmuş qidaların çox istifadəsi, uzun ekran müddəti və fiziki aktivliyin azalması qaraciyərdə piy yığılmasını artırır. Xüsusilə piylənməsi, bel çevrəsi genişlənməsi, insulin müqaviməti və ya metabolik xəstəliklərə ailəvi meyli olan uşaqlar risk qrupunda hesab olunur.

Xəstəliyin yeni adı MASLD-dir

Uşaqlarda qaraciyər piylənməsi hazırda metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyi (MASLD) adlandırılır. Qaraciyər hüceyrələrində zədələnmə və iltihabın da yarandığı daha ağır forma isə MASH adlanır.

Xəstəlik nəzarətsiz qaldıqda zamanla qaraciyərdə fibroz və daha ciddi qaraciyər xəstəlikləri inkişaf edir.

Heç bir əlamət verməyə bilər

Bəzi uşaqlarda halsızlıq, fiziki aktivlik zamanı tez yorulma, qarın ağrısı və qaraciyərin böyüməsi müşahidə olunur. Lakin xəstəlik çox vaxt heç bir əlamət olmadan inkişaf edir. Bəzən rutin qan analizlərində qaraciyər fermentlərinin yüksək olması və ya ultrasəs müayinəsi zamanı təsadüfən aşkarlanır.

Bu səbəbdən artıq çəkili və metabolik riskləri olan uşaqların mütəmadi tibbi nəzarətdə olması vacibdir.

“Böyüyəndə çəkisini verər” düşüncəsi risklidir

Uşağın artıq çəkisini sadəcə müvəqqəti problem kimi qiymətləndirmək qaraciyər piylənməsinin gec aşkarlanmasına səbəb olur. Uşaqlıqda başlayan metabolik problemlər yetkinlik dövrünə qədər davam edir.

Əsas müalicə həyat tərzinin dəyişdirilməsidir

Mübarizənin ilk mərhələsində sağlam və balanslı qidalanma, fiziki aktivliyin artırılması, ekran qarşısında keçirilən vaxtın azaldılması və kifayət qədər yuxu mühüm rol oynayır. Məqsəd qısa müddətdə sürətli çəki itirmək deyil, davamlı və sağlam çəki nəzarəti yaratmaqdır.

Bu prosesdə yalnız uşağın deyil, bütün ailənin sağlam həyat tərzinə keçməsi daha effektiv nəticə verir.

Son illərdə bəzi uşaqlarda piylənmənin müalicəsi üçün GLP-1 reseptor agonistləri də nəzərdən keçirilir. Lakin bu dərmanların uşaqlarda uzunmüddətli təhlükəsizliyi ilə bağlı məlumatlar hələ məhdud olduğundan onların istifadəsi yalnız mütəxəssis həkim tərəfindən qiymətləndirilməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az