Müasir ofis həyatında uzun müddət hərəkətsiz qalmaq və düzgün olmayan iş şəraiti onurğa sağlamlığı üçün risk yaradır. Zəif əzələlər, artıq çəki, siqaret istifadəsi və müntəzəm idman etməmək bel və boyun problemlərinin yaranma ehtimalını artırır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2020-ci ildə dünyada 619 milyon insan bel ağrısından əziyyət çəkib. Bu rəqəmin 2050-ci ilədək 843 milyona çatacağı gözlənilir. Türkiyənin 2022-ci il Səhiyyə Araşdırmasına əsasən isə 15 yaşdan yuxarı şəxslərdə son 12 ay ərzində bel problemləri 24,6 faizlə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olub.
Prof. Dr. Mahmut Akyüz bildirib ki, onurğa problemlərinin ən geniş yayılmış ilk əlaməti ağrıdır. Genetik meyillilik, artıq çəki, iş şəraiti, həyat tərzi və əvvəlki zədələr bu problemlərin yaranmasına təsir göstərir. Xəstəlik irəlilədikcə ağrı qollara və ayaqlara yayılır, keyimə, yanma, iynələnmə və güc itkisi yaranır.
6 aydan uzun davam edən və təkrarlanan qol və ya ayaq ağrıları onurğa yırtığı və ya onurğada degenerativ dəyişikliklərin əlamətidir. Bəzi hallarda onurğadan qaynaqlanan ağrılar böyrək, öd kisəsi, mədə və ya ürək ağrıları ilə qarışdırılır. Dəqiq diaqnoz üçün həkim müayinəsi və lazım gəldikdə görüntüləmə müayinələri aparılır.
Müalicədə ilk növbədə risk faktorlarının azaldılması, dərman müalicəsi, istirahət və fərdi fizioterapiya məşqlərinə üstünlük verilir. Zəruri hallarda mikrocərrahi müdaxilələr də tətbiq olunur.
Masa arxasında işləyənlərə əsas tövsiyələr:
Hər saat qısa fasilə verin və sadə dartınma hərəkətləri edin.
Həftədə ən azı 3 gün yüngül idman və ya üzgüçülüklə məşğul olun.
Qısa məsafələrdə avtomobil əvəzinə piyada gəzməyə üstünlük verin.
Bədən çəkisini normal aralıqda saxlayın.
Balanslı və təbii qidalanın.
Siqaretdən uzaq durun.
Ağır yük qaldırmaqdan və qəfil, gərgin hərəkətlərdən çəkinin.
Müntəzəm tibbi müayinələrdən keçin.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
