Avqust 25, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqları rəqəmsal təhdidlərdən qorumağın yolu: Ailə və məhdudiyyətlər

Dünyada hər 3 uşaqdan 1-i sosial mediada zorakılığa məruz qalır. Bu vəziyyət rəqəmsal dünyanın uşaqlar üçün necə təhlükələr yaratdığını göstərir. Mütəxəssislərin fikrincə, sosial mediadan istifadəyə məhdudiyyətlərin qoyulması uşaqların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələdə ailələrin də üzərinə böyük məsuliyyət düşür.

Müasir dövrdə uşaqlar və yeniyetmələr rəqəmsal dünyanın təqdim etdiyi imkanlarla böyüyürlər. Lakin bu vəziyyət onların sağlam inkişafına təhlükə yarada biləcək riskləri də özü ilə gətirir. Sosial media platformalarının təsiri, valideyn nəzarəti və uşaqların özünüifadə azadlığı arasındakı həssas tarazlıq diqqətlə nəzərdən keçirilməli olan məsələlərdəndir.

Türkiyədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlərin qoyulması müzakirə edilərkən əsas diqqət onların təhlükəsizliyinə yönəlir. Araşdırmalar sosial mediada zorakılığa məruz qalan uşaqların dünya üzrə payının 20-30 faiz arasında dəyişdiyini göstərir.

Bir çox ölkədə sosial mediadan istifadə üçün yaş məhdudiyyəti məsələsi gündəmdədir. Məhdudiyyətlər uşaqları qorumağı hədəfləsə də, onların fikirlərini nəzərə almadan effektiv nəticə əldə etmək çətin olur. Bəs zorakılığa məruz qalan uşağın təhlükəsizliyi təmin edilərkən başqa bir uşağın özünüifadə azadlığını itirmədiyinə necə əmin olmaq olar? Bu tarazlığı yaratmaq üçün uşaqların istəkləri də nəzərə alınmalıdırmı?

Bu barədə psixoloq Pınar Daldikler sualları cavablandırıb.

Uşaqların hüquqlarını qoruyarkən məhdudiyyətlər necə olmalıdır?

Psixoloq Pınar Daldiklerə görə, sosial media məhdudiyyətləri uşaqların təhlükəsizliyi baxımından olduqca vacibdir. Onun sözlərinə görə, uşaqların sosial mediada olmaması onların özünüifadə azadlığından məhrum edilməsi demək deyil. Bu prosesdə uşaqların valideynləri ilə güclü münasibətlər qurması mühüm rol oynayır.

“İnkişaf mərhələsində olan uşaqların və gənclərin sosial media ilə münasibətləri bu gün ən mühüm problemlərdən biridir. Sosial mediadan məqsədəuyğun istifadə edildikdə o, dəstəkləyici vasitədir. Lakin təəssüf ki, əksər hallarda istifadə məqsədləri dəyişə bilir. Bunun mənfi təsirlərini də uşaqlarda görə bilirik. Bizə müraciət edən valideynlər də uşaqlarının sosial mediada fəaliyyətinə nəzarət etməkdə çətinlik çəkdiklərini tez-tez bildirirlər.

Bu səbəbdən məhdudiyyətlərə hansı prizmadan baxdığımız çox vacibdir. Əgər bunu ifadə azadlığının məhdudlaşdırılması və ya uşaqların ünsiyyət hüquqlarının əllərindən alınması kimi deyil, inkişaf dövründə olan uşaqları sosial medianın mənfi təsirlərindən qorumaq kimi qiymətləndirsək, əslində onların təhlükəsizliyini təmin etmiş olarıq”, – deyə psixoloq bildirib.

Filtrlənmiş həyat və qeyri-real görüntülər uşaqlara təsir edir

Daldikler sosial medianın uşaqların inkişaf dövründə həm müsbət, həm də mənfi təsirlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, nəzarətsiz istifadə uşaqların zehni və emosional sağlamlığı üçün ciddi təhlükə yaradır.

“Bilişsel, fizioloji və psixoloji inkişafı davam edən gənclərin sosial mediada gördükləri insanları, filtrləri və həyat tərzlərini gerçəkliyin özü kimi qəbul etməsi onların inkişafı baxımından çox zərərli olur.

Sosial mediada olmamaları onların özlərini ifadə edə bilməyəcəkləri və ya ünsiyyət hüquqlarının olmayacağı anlamına gəlmir. Onların özlərini ifadə edə biləcəkləri valideynləri, ailə üzvləri və dost qrupları kimi bir çox mənbə var. Bu sahələrdən özlərinə zərər verməyəcək şəkildə istifadə etməyi öyrəndikləri zaman sosial mediadan da istifadə etməyə başlayacaqlar”, – deyə Daldikler qeyd edib.

Uşaqları məhdudlaşdırmaq əvəzinə ailələrin rolu gücləndirilir

Sosial media uşaqlar üçün yalnız əyləncə və öyrənmə platforması deyil, həm də özünüifadə vasitəsidir. Lakin bu mühit bəzən onların azadlıqlarını məhdudlaşdıran təhlükə kimi də qəbul edilir. Kiberzorakılıq kimi problemlər uşaqların sosial media platformalarına münasibətini daha da mürəkkəbləşdirir.

Bəzi uşaqlar sosial media məhdudiyyətlərini təhlükəsizlik tədbiri kimi qəbul edir, digərləri isə bunu azadlıqlarına müdaxilə hesab edirlər. Məsələn, kiberzorakılığa məruz qalan uşaq üçün bu məhdudiyyətlər təhlükəsizlik deməkdir. Lakin sosial media vasitəsilə məzmun yaradan və özünü ifadə etməkdən zövq alan uşaq belə məhdudiyyətləri ədalətsiz hesab edir.

Özünü sərbəst ifadə edən uşaqla zorakılığa məruz qalan uşağın ehtiyacları, təbii ki, fərqli olacaq. Buna görə də yeni qaydalar uşaqları məhdudlaşdırmaqdan daha çox, valideynlərin rəqəmsal dünyadakı rolunu gücləndirməyə yönəlir. Beləliklə, valideynlər uşaqlarının fərdi ehtiyaclarına və inkişaf səviyyəsinə uyğun məhdudiyyətlər müəyyən edirlər.

Psixoloq Pınar Daldikler də 13 yaşdan kiçik uşaqların valideyn icazəsi olmadan sosial media hesabı açmamalı və onlayn platformalara daxil olmamalı olduğunu vurğulayıb.

“Bu məsələ gündəmə gəlməzdən əvvəl də mütəxəssislər olaraq uşaqların sağlam inkişafı üçün 3 yaşa qədər ekran qarşısında olmamalarını, 6 yaşa qədər telefon və ya planşet ekranı ilə tanış olmamalarını, 12 yaşa qədər isə sosial media ilə tanış edilməmələrini tövsiyə edirdik.

Burada məqsəd uşaqlarımızın və gənclərimizin azadlığını məhdudlaşdırmaq olmamalıdır. Məsələyə onları qorumaq prizmasından yanaşdıqda sərhədlər və qaydalar daha mənalı olur. Çünki inkişaf mərhələsində olan uşağın əsas məqsədi özünü qorumaq deyil, etdiyi işdən zövq almaqdır. Bu zaman həmin fəaliyyətin ona zərər verib-verməyəcəyini düşünmür. Bu da uşağın özünü qoruya bilməməsinə səbəb olur.

Valideynin əsas məqsədi isə uşağı qorumaqdır. Buna görə də bu cür məhdudiyyətlərin valideyn nəzarətində olması çox vacibdir. Ən mühüm açar isə uşaqla valideyn arasında effektiv ünsiyyət və təhlükəsiz bağlılıqdır”, – deyə psixoloq bildirib.

Məhdudiyyətlər uşaqlara necə izah edilməlidir?

Daldikler məhdudiyyətlərin uşaqlara necə izah edilməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, uşağa qorxu aşılamaq və qadağalar qoymaq əvəzinə, bu qaydaların onun təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı düzgün şəkildə izah edilməlidir.

“İlk növbədə bu məhdudiyyətlərin uşağa necə çatdırıldığı çox vacibdir. Uşağı qorxudaraq və ya ona qadağa qoyaraq bu qaydalar tətbiq edilməməlidir. Uşağa bunun onun təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı uyğun şəkildə izah edilməlidir.

Evdə valideynlərin də sosial mediadan istifadə müddətini azaltması çox dəyərlidir. Uşağın sosial mediada keçirdiyi vaxtı daha səmərəli şəkildə dəyərləndirə biləcəyi, nəsə yarada və istehsal edə biləcəyi mühitlər formalaşdırılır. Onları real münasibətlər qura biləcəkləri dost qruplarına yönləndirmək mümkündür.

Müəllimlər də məktəbdə sosial medianın zərərləri ilə bağlı maarifləndirici təlimlər keçirirlər. Müəllimlər və valideynlər uşaqları əməkdaşlıq şəraitində izləməli və dəstəkləməlidirlər.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az