ABŞ-li tədqiqatçılar süni intellektdən laboratoriyada çoxala bilən, tam funksional yeni virusların hazırlanması üçün istifadə edildiyini açıqlayıblar. Bununla da tarixdə ilk dəfə bütöv virus genomları süni intellekt tərəfindən uğurla layihələndirilib.
Laboratoriyada yaradılan 16 yeni virus yalnız bakteriyaları yoluxdurmaq məqsədilə hazırlanıb və insan sağlamlığı üçün təhlükə yaratmır.
Elm dünyasında bu nailiyyət “çox mühüm dönüş nöqtəsi” kimi qiymətləndirilir. Alimlər hesab edirlər ki, bu texnologiya xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcını qoyur.
Bununla yanaşı, mütəxəssislər süni intellektlə hazırlanmış virusların təcili həll tələb edən biotəhlükəsizlik məsələlərini də gündəmə gətirdiyini vurğulayırlar.
Sürətlə inkişaf edən süni intellekt alətlərindən daha əvvəl yeni antibiotiklərin hazırlanmasında da istifadə olunurdu. Lakin alimlər bildirirlər ki, sıfırdan canlı və funksional virus dizayn etmək bununla müqayisədə daha sadə prosesdir.
Bitki və insan genomları əsasında öyrədildi
Stanford Universitetinin dosenti Brian Hie BBC-yə açıqlamasında bildirib:
“Bu, generativ süni intellektin layihələndirə biləcəyi mürəkkəblik səviyyəsində növbəti addımdır. İlk dəfədir ki, generativ süni intellekt tam genom hazırlamaq, hüceyrə daxilində çoxala bilən və müxtəlif funksiyalar yerinə yetirən bir quruluş yaratmaq üçün istifadə olunur. Bu, bizim üçün tamamilə yeni bir sahədir.”
Texnologiya ChatGPT kimi böyük dil modellərinə bənzər prinsiplə işləyir. Lakin burada sözlər deyil, həyatın genetik dili proqnozlaşdırılır.
“Evo1” və “Evo2” adlanan süni intellekt modelləri virusların, bakteriyaların, bitkilərin və insanların genetik kodları əsasında öyrədilib. Daha sonra onlar yalnız müəyyən bakteriya növlərini yoluxduran bakteriofaqların hazırlanması üçün uyğunlaşdırılıb.
Stanford tədqiqatçıları süni intellektin təklif etdiyi 302 perspektivli dizaynı seçərək laboratoriyada sintez ediblər. Sınaqlar nəticəsində onların 16-sının E. coli bakteriyasını məhv etməkdə effektiv olduğu müəyyən edilib.
Laboratoriyada çalışan doktorant Samuel King bildirib ki, faqların işlədiyini səhər tezdən müşahidə ediblər. Bakteriyalar yetişdirilmiş Petri qablarına yerləşdirilən faqların fəaliyyəti izlənilib.
King deyib:
“Şəffaf ləkələr görünməyə başladı və bu, son dərəcə həyəcanverici idi.”
Brian Hie isə nəticələrin komanda ilə bölüşüldüyü anda laboratoriyada böyük sevinc yaşandığını bildirib.
Alimlər hesab edirlər ki, yeni faqlar antibiotiklərə davamlı bakterial infeksiyaların müalicəsində yeni imkanlar yaradır.
Pis niyyətli istifadəyə dair narahatlıqlar
Bu inkişaf süni intellektin sintetik biologiya sahəsində – yəni təbiətdə mövcud olmayan yeni bioloji strukturlar hazırlamaq imkanlarının artdığını da göstərir.
Brian Hie bu texnologiyanın yeni dərman və müalicə üsullarının hazırlanmasına kömək edərək insan sağlamlığına böyük fayda verə biləcəyini bildirib.
Bununla yanaşı, eyni texnologiyanın yeni xəstəliklər yaratmaq məqsədilə sui-istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar da artır.
Cons Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin mütəxəssisləri Dr. Thomas Inglesby və Dr. Moritz Hanke “Science” jurnalında dərc olunan məqalələrində bildiriblər ki, bu nəticələr “təcili biotəhlükəsizlik və bio-mühafizə məsələlərini” gündəmə gətirir.
Onların fikrincə, artıq əsas sual generativ virus genomlarının yaradılıb-yaradılmayacağı deyil, onların ciddi zərər vermədən təhlükəsiz şəkildə necə istifadə ediləcəyidir.
Bu risklər səbəbindən xəstəlik törətmə potensialına malik yeni virusların hazırlanmasının qarşısının alınmasının vacibliyi vurğulanır.
Tədqiqatçılar isə təhlükəsizliyi təmin etmək üçün bir sıra tədbirlər gördüklərini bildiriblər. İnsan və digər mürəkkəb orqanizmləri yoluxdura bilən viruslar təlim bazasından çıxarılıb, araşdırma yalnız bakteriofaqlar üzərində və təhlükəsiz laboratoriya şəraitində aparılıb.
Hələ canlı orqanizmlərdən uzaqdır
Viruslar canlı orqanizm hesab olunmadığı üçün süni intellektin tam canlı orqanizmlər hazırlaya bilməsinə hələ uzun yol var.
Hazırlanan bakteriofaqın genomu təxminən 5 400 nukleotid cütündən ibarətdir. Müqayisə üçün, ən kiçik canlı hüceyrənin genomu təxminən 500 min, insan genomu isə 3 milyard nukleotid cütündən ibarətdir.
Brian Hie bildirib ki, daha mürəkkəb orqanizmlər üzərində işləmək uzunmüddətli və çətin proses olacaq, lakin bunu mümkünsüz hesab etmirlər.
İspaniyanın Pompeu Fabra Universitetinin professoru Marc Güell bu araşdırmanı “kompüter vasitəsilə biologiyanın layihələndirilməsində tarixi dönüş nöqtəsi” adlandırıb.
Onun sözlərinə görə, bu texnologiya xəstəliklərlə mübarizə aparan bakteriofaqların, genetik xəstəlikləri müalicə edən fermentlərin və immunoterapiyada istifadə olunacaq anticisimlərin hazırlanmasına imkan yaradır.
Mançester Biotexnologiya İnstitutunun professoru Patrick Cai isə bildirib ki, bu nailiyyət yalnız bakteriofaqlarla məhdudlaşmır:
“Bu nəticələr genom dil modellərinin təkamülün formalaşdırdığı dizayn prinsiplərini öyrənməyə başladığını göstərir və süni intellekt dəstəyi ilə genom yazılması dövrünün başlanğıcını qoyur.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
