İyul 29, 2026
Baku
Müsahibə Xəbərlər

Sevil Ülvi: “Qadın istərsə, heç nə mümkünsüz deyil”.

Bəzən insanın həyatında elə bir məqam yetişir ki, uzun illər qəlbinin dərinliyində gizli qalan arzular yenidən boy göstərir. Elə insanlar da olur ki, onların bir sözü, bir təşəbbüsü taleyin istiqamətini dəyişir, insanı yenidən öz sevdasına qovuşdurur. Sevimku şairə və ədəbiyyatçı Sevil Ülvi üçün də ədəbiyyata dönüş məhz belə bir təsadüfdən başlayıb. Vaxtilə jurnalistika sahəsində çalışan, sonralar pedaqoji fəaliyyətlə məşğul olan Sevil Ülvi uzun fasilədən sonra Kitabçılar Birliyinin sıralarında yenidən söz dünyasına qayıdıb. Bu gün isə ömrünün əlli illik yoluna nəzər salarkən onun üçün ən dəyərli hədiyyələrdən biri – “Qadın istərsə” adlı ilk kitabı oxucularla görüşə gəlib. Maraqlıdır ki, kitab müəllifdən xəbərsiz şəkildə Kitabçılar Birliyinin rəhbəri Esmira xanımın və birlik üzvlərinin sürprizi olaraq nəşr edilib.

Bu münasibətlə Gundelik.az olaraq şairə və ədəbiyyatçı Sevil Ülvi ilə söhbətləşdik. O, həyat yolundan, ədəbiyyata qayıdışından, “Qadın istərsə” kitabının ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı.

Sevil xanım, əvvəlcə oxucularımızın sizi daha yaxından tanımasını istərdik. Həyat yolunuz haqqında nə deyə bilərsiniz?

– Mən 1976-cı ildə anadan olmuşam. 1997–2000-ci illərdə M.Ə.Sabir adına kollecdə təhsil almışam. Peşə fəaliyyətimə isə jurnalistikadan başlamışam. 1998–2000-ci illərdə “Millət” qəzetində müxbir kimi çalışmışam. Sonralar həyat məni başqa sahəyə yönəltdi və 2010–2014-cü illərdə Xırdalan şəhərində fəaliyyət göstərən özəl uşaq bağçasında pedaqoq kimi işlədim. Həyatımın hər mərhələsi mənə yeni təcrübələr qazandırdı.

 Ədəbiyyata dönüşünüz necə baş verdi?

– Açığı, uzun müddət ədəbiyyatdan uzaq düşmüşdüm. Təxminən dörd il əvvəl sosial şəbəkədə Esmira xanımın Kitabçılar Birliyinin yaradılması ilə bağlı paylaşdığı videoya rast gəldim. O, kitabsevər xanımları birliyə qoşulmağa dəvət edirdi. Müəyyən müddət sonra mən də üzv oldum. Elə həmin gündən həyatımda yeni bir səhifə açıldı. Bu birlik məni yenidən kitablara, sözə və yaradıcılığa qaytardı.

 Kitabçılar Birliyi həyatınızda hansı dəyişiklikləri yaratdı?

– Bu birlik mənim üçün sadəcə bir ictimai təşkilat deyil, böyük bir ailədir. Burada dəyərli, ziyalı, kitabsevər xanımlarla tanış oldum. Onların dəstəyi, sevgisi və motivasiyası sayəsində özümə olan inamım daha da artdı. Düşünürəm ki, insanın yanında ona inanan insanlar olanda arzularını reallaşdırmaq daha asan olur.

 Esmira xanım haqqında xüsusi minnətdarlıq hissi ilə danışırsınız. Bunun səbəbi nədir?

– Çünki həyatımda çox böyük rolu var. Onun təşəbbüsü olmasaydı, bəlkə də bu gün yenidən yazmağa başlamazdım. Öz toxunuşları ilə məni yenidən ədəbiyyata qaytaran, mənə ilham verən Esmira xanıma mənəvi borcluyam. Bu minnətdarlığı sözlə ifadə etmək çətindir.

“Qadın istərsə” kitabının nəşri sizin üçün necə bir sürpriz oldu?

– Bu, ömrümün ən unudulmaz hədiyyələrindən biridir. 50 illik yubileyimi qeyd etdiyim günlərdə Kitabçılar Birliyinin rəhbəri Esmira xanım və birlikdəki dəyərli xanımlar mənə böyük sürpriz etdilər. Xəbərim olmadan “Qadın istərsə” kitabımı nəşr etdiriblər. O an yaşadığım duyğuları sözlə ifadə etmək mümkün deyil.

 Kitabın adı – “Qadın istərsə” – oxuculara hansı mesajı verir?

– Məncə, qadın istəyəndə həyatını da, taleyini də, gələcəyini də dəyişə bilir. Yetər ki, inamını itirməsin. Bu kitab da qadının iradəsinə, gücünə və həyata sevgisinə inamın ifadəsidir.

 Bu gün geriyə baxanda özünüzə nə demək istərdiniz?

– Deyərdim ki, heç vaxt arzularından vaz keçmə. Həyat bəzən insanı sevdiyi yoldan uzaq salsa da, doğru insanlar və doğru mühit onu yenidən öz yoluna qaytara bilir. Mən bunun canlı nümunəsiyəm.

 Gələcək yaradıcılıq planlarınız nələrdir?

– Yazmağa davam etmək, yeni kitablarla oxucuların qarşısına çıxmaq istəyirəm. Ədəbiyyat mənim üçün artıq həyatın ayrılmaz hissəsidir. Ümid edirəm ki, bundan sonra da qəlbimdən gələn duyğuları oxucularımla bölüşəcəyəm.

 Sonda oxucularımıza nə demək istərdiniz?

– Hər kəsə kitab oxumağı, sözün dəyərini bilməyi və arzularından vaz keçməməyi arzulayıram. Mənə bu sevinci yaşadan Kitabçılar Birliyinin rəhbəri Esmira xanıma və birlikdəki bütün dəyərli xanımlara sonsuz təşəkkürümü, sevgimi bir daha bildirirəm. “Qadın istərsə” – həqiqətən də çox şeyə qadirdir

Gundelik.az