İnsan
Bir boşluq var dünyada,
Doldura bilmir insan.
Bu boşluğun içində,
Boğulur, ölür insan.
Bəzən sözlər də yetmir,
Dərdi izah etməyə.
Bəzən yol da tapmırsan,
Baş götürüb getməyə.
Gah dünyanı suçladı,
Gah da Allahı insan.
Bircə dəfə özünə
Dönüb baxmadı insan.
Anlamadı insanlar,
Bir-birini sözündən.
Beləcə insan düşdü,
Allahın da gözündən.
————————————————————
Yolunu Gözləyəcəm.
Divardan asdığım şəklin,
İndi bilmirəm hardadır.
Elə bilmə unutmuşam,
Xatirələr yadımdadır.
Evi də dəyişdim, çünki
Hər şey qalmışdı yarıda.
Bütün əşyalar yenidir,
Hətta döydüyün qapı da.
Ən gözəl şeirlərimi,
Sənin eşqinə yazmışdım.
Görüşümüzün ilk günü,
Sizin küçədə azmışdım.
Bir gün sən də az küçəni,
Qapımı döy qonaq kimi.
Yarımçıq qalıb sevgimiz,
İçilməmiş şərab kimi.
Bizi sevgili bilsinlər,
Davam etdirək oyunu.
Qapını açıq qoyacam,
Gəl, gözləyəcəm yolunu.
————————————————————-
Unutdum
Pəncərəmin işığı yox,
Gəlsən, qapını döyərsən.
Yüz ildi, səni görmürəm,
Həsrətin gəldi, deyərsən.
Bilənlər bilir ki, necə
Olur həsrətin ağrısı.
Bilirsənmi necə olur,
Gecələr ürək ağrısı?
İlan kimi qıvrılırsan,
Bir saatlıq yuxu üçün.
Səslər bir-birinə qarışır,
Gecə duaları üçün.
Qalaq-qalaq şeir yazdım,
Di gəl, oxuyan olmadı.
Soyuq bir qış gecəsində,
Yandırdım, bilən olmadı.
Hamı unudur, ay zalım,
Tək unudan mən deyiləm.
Sanma ki, sənsiz ölərəm,
Unutdum, ölən deyiləm.
———————————————————————–
Son şeir
Bu dünyanın göyərməyən daşından,
Bir ev tikdim, qapı qoydum kilidsiz.
Həsrət qoxur divarların kağızı,
İllərdir ki, otaqlar da kimsəsiz.
Həsrətini vəsf elədim şeirdə,
Eşqə düşüb, dəli olub dedilər.
Qınadılar, sənsiz keçən ömrümü
deyə-deyə, gülə-gülə “yedilər”.
Dua etdim, məktub yazdım olmadı,
Şeirlərim təsəllidi könlümə.
Sənin üçün yandırdığım şamların,
Alovundan xora düşdü gözümə.
Köhnələcək şeirlərdə həsrətin,
Ürəyini sızladacaq görərsən.
Bir gün poçt qutunda qalacaq bomboş,
Bu yazdığım son şeirdi biləsən.
————————————————————–
Kimim var axı…
Mənim səndən başqa kimim var axı…
Evimin döyməyə qapısı da yox.
Üşüsəm,
soyuq qış gecəsi sobaya belə,
Atmağa bir odun parçası da yox.
Mənim səndən başqa kimim var axı…
Bir sənsən, bir də ki, küçə itləri.
İlahi,
kimin duasıyla yaşayır görən,
Acından ulaşan küçə itləri.
Mənim səndən başqa kimim var axı…
Sənə yandırdığım son şam da söndü.
Səhər
bütün afişalar, bütün qəzetlər,
Yaza ki, deyəsən,Tanrı da öldü.
Sevil Ülvi – pedaqoq, yazar, şairə
Gundelik.az
