Yandırıcı yay istisi təkcə günvurma deyil, həm də hiss edilmədən yaranan maye itkisi riskini artırır. Mütəxəssislər şəkərli içkilər, ağır yeməklər və açıq şəraitdə satılan qidalarla bağlı vətəndaşlara xəbərdarlıq edirlər. Qarpız və pendir isə həm sərinləşdirən, həm də uzun müddət toxluq hissi yaradan balanslı qida seçimi kimi ön plana çıxır.
40 dərəcəni keçən isti havalarda yanlış qidalanma və kifayət qədər su içilməməsi ciddi sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər yay aylarında susuzluq hissini gözləmədən gün ərzində müntəzəm su içməyi tövsiyə edirlər. Çünki isti havalarda orqanizm tərləmə nəticəsində xeyli miqdarda maye itirir. Bu isə insanın özü hiss etmədən halsızlıq, baş ağrısı və yorğunluq kimi problemlərə yol açır.
Mütəxəssis-diyetoloq Elif Aslan bildirib ki, yağlı, qızardılmış və ağır yeməklər əvəzinə daha yüngül və balanslı qidalar seçilməlidir. O, həmçinin açıq şəraitdə satılan və ya düzgün saxlanılmayan qidaların qida zəhərlənməsi riskini artırdığını vurğulayıb. Xüsusilə küçədə dilimlənərək satılan meyvələr, mayonezli salatlar, kremli şirniyyatlar və uzun müddət açıq havada qalan ət məhsulları isti havalarda təhlükə yaradır.
Yay aylarında tez-tez istehlak olunan dondurma, soyuq qəhvə və şəkərli içkilərin də porsiyasına diqqət yetirilməlidir. Bu məhsullar zərərsiz görünsə də, yüksək kalorili olduqları üçün tez-tez qəbul edildikdə çəki artımına səbəb olur. Uşaqlar üçün isə qazlı içkilər və hazır meyvə şirələri deyil, ən sağlam seçim sudur.
Mütəxəssislərin sözlərinə görə, qarpız və pendirin birlikdə yeyilməsi təkcə ənənəvi qida vərdişi deyil, həm də balanslı bir yeməkdir. Meyvənin yanında zülal mənbəyi olan pendirin qəbul edilməsi qan şəkərinin daha sabit yüksəlməsinə və toxluq hissinin daha uzun sürməsinə kömək edir.
İsti havalarda iştahanın azalması normal hesab olunsa da, qida qəbulunu ötürmək tövsiyə edilmir. Şərbətli şirniyyatlar əvəzinə porsiyaya nəzarət etməklə südlü desertlər, yağlı ətlər əvəzinə isə daha az yağlı məhsullar seçilməlidir. Quyruq yağı kimi heyvani yağların istifadəsi də məhdudlaşdırılmalıdır.
Həkimlər xatırladırlar ki, tərləmək yağ yandırmaq demək deyil, sadəcə orqanizmin maye itirdiyini göstərir. Tərəzidə görünən ani çəki azalmasının böyük hissəsi müvəqqəti su itkisindən qaynaqlanır. Buna görə də itirilən maye və mineralların mütləq bərpa olunması vacibdir.
Bundan əlavə, gəzinti və idmanla günün ən isti saatlarında deyil, səhər tezdən və ya axşam sərinliyində məşğul olmaq tövsiyə olunur. Təxminən 45 dəqiqəlik tempolu yürüş sağlamlıq üçün kifayət hesab edilir. Eyni zamanda, yerli mətbəxdən tam imtina etmədən, sadəcə porsiya nəzarətinə riayət etməyin sağlam qidalanmanın əsas şərtlərindən biri olduğu vurğulanır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
