İyul 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bütün xəstəliklər aradan qaldırılsa belə, sonsuz ömür mümkün deyil

Rusiyalı alimlərin apardığı yeni araşdırma göstərir ki, hətta qocalmanın qarşısını alan mükəmməl bir dərman hazırlansa belə, insanın sonsuza qədər yaşaması bioloji baxımdan mümkün deyil. Tədqiqatçılar bildirirlər ki, hüceyrələrdə zamanla təsadüfi şəkildə toplanan somatik DNT mutasiyaları insan ömrü üçün aşılması mümkün olmayan təbii bir hədd yaradır.

Elm dünyasında uzun illərdir müzakirə olunan “İnsan sonsuza qədər yaşaya bilərmi?” sualına cavab axtaran araşdırmada müəyyən edilib ki, qocalıqla əlaqəli bütün xəstəliklər aradan qaldırılsa belə, insan orqanizminin bioloji sərhədi qalır.

Rusiyadakı Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya əsasən, orqanizmdəki bütün bioloji aşınmalar dayandırılsa belə, hüceyrələrdə yığılan somatik DNT mutasiyaları zamanla orqanların fəaliyyətini pozacaq.

Kompüter simulyasiyalarına əsaslanan modelə görə, bütün xəstəliklər tamamilə aradan qaldırılsa belə, insanın orta ömür uzunluğu ən çox 150–190 il arasında olur.

Ürək və beyin hüceyrələri yenilənmir

Hazırlanan riyazi model göstərir ki, qocalmanın əsas amillərindən biri orqanlardakı hüceyrələrin yenilənmə qabiliyyətidir.

Qaraciyər və dəri kimi toxumalar daim yenilənərək mutasiyaya uğramış hüceyrələri əvəz edir. Lakin beyin və ürək kimi həyati vacib orqanların hüceyrələri demək olar ki, yenilənmir.

İllər keçdikcə bu uzunömürlü hüceyrələrdə zədələnmiş DNT-lər toplanır və nəticədə orqanların normal fəaliyyəti pozulur. Bu da insan ömrünün təbii bioloji həddini müəyyənləşdirən əsas amillərdən biri hesab olunur.

Məqsəd ömrü uzatmaq deyil, sağlam qocalmanı təmin etməkdir

Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr qəti proqnoz deyil, qocalma mexanizmini anlamağa yönəlmiş riyazi modelə əsaslanır.

Mütəxəssislər qeyd edirlər ki, insanların hazırda bu nəzəri həddən xeyli az yaşaması qocalmanın tək səbəbinin DNT mutasiyaları olmadığını, prosesin daha mürəkkəb bioloji amillərin təsiri altında formalaşdığını göstərir.

Tədqiqat qocalmaya təsir edən bioloji mexanizmlərin daha yaxşı öyrənilməsinə kömək edə və gələcəkdə ömrü maksimum uzatmaqdan çox, insanların yaşlılıq dövrünü daha sağlam və keyfiyyətli keçirməsinə yönəlmiş müalicələrin inkişafına töhfə verir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az