İyul 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Mütəxəssislər süd növlərini müqayisə etdi: Ən sağlam seçim hansıdır?

Son araşdırmalar göstərir ki, süd məhsullarında olan doymuş yağlar əvvəllər düşünüldüyü qədər zərərli deyil. İnək südü ilə yanaşı soya, yulaf, badam və hindqozu südü də qida dəyəri baxımından müqayisə edilib. Mütəxəssislərin fikrincə, ən sağlam süd seçimi insanın qidalanma ehtiyaclarından və məhsulun tərkibindəki şəkər, zülal, kalsium və vitaminlərin miqdarından asılıdır.

Market rəflərində süd növlərinin sayı getdikcə artır və bu da istehlakçıların seçim etməsini çətinləşdirir. Tam yağlı, yarımyağlı, yağsız, soya, yulaf, badam və hindqozu südü arasında hansı daha faydalıdır?

National Geographic-in istinad etdiyi araşdırmalar və mütəxəssis rəyləri bu suala aydınlıq gətirir.

Tam yağlı, yoxsa yağsız süd?

Tam yağlı, yarımyağlı (2%), az yağlı (1%) və yağsız süd arasındakı əsas fərq yağ və kalori miqdarıdır. Bununla yanaşı, zülal, kalsium, D və B12 vitaminləri, kalium, fosfor və maqnezium kimi vacib qida maddələrinin miqdarı demək olar ki, eynidir.

Amerika Ürək Assosiasiyası (AHA) ürək-damar xəstəlikləri riskini azaltmaq üçün gündəlik qəbul edilən kalorinin ən çox 6 faizinin doymuş yağlardan gəlməsini tövsiyə edir. Gündə təxminən 2 000 kalori qəbul edən insan üçün bu, təxminən 13 qram doymuş yağa bərabərdir.

240 ml inək südünün qida dəyəri

Tam yağlı süd: 150 kkal, 8 qram yağ, 5 qram doymuş yağ.

Yarımyağlı süd (2%): 122 kkal, 4 qram yağ, 3 qram doymuş yağ.

Az yağlı süd (1%): 106 kkal, 2 qram yağ, 1 qram doymuş yağ.

Yağsız süd: 84 kkal, yağ və doymuş yağ yoxdur.

Journal of Nutrition jurnalında dərc edilən 25 illik araşdırmaya görə, ən çox tam yağlı süd məhsulu qəbul edən insanlarda koronar arteriyalarda kalsium yığılması riski ən az qəbul edənlərlə müqayisədə 24 faiz daha aşağı olub.

Araşdırmanın müəlliflərindən Ethan Cannon bunu südün tərkibindəki kalsium, kalium və D vitamini kimi faydalı maddələrlə əlaqələndirir. Digər ehtimala görə isə iştirakçılar süd məhsullarını şəkərli içkilər və yüksək emal olunmuş qidalar əvəzinə istehlak ediblər.

Qızardılmış qidalar azaldılmalıdır

2022-ci ildə aparılan başqa bir tədqiqat göstərib ki, müxtəlif qidalardan alınan doymuş yağlar orqanizmə eyni təsiri göstərmir.

Tam yağlı süd, pendir, kərə yağı və dondurma ilə yanaşı yağlı qırmızı ət, dərili toyuq əti, qızardılmış yeməklər və hindqozu yağı da doymuş yağ mənbələridir.

Diyetoloq Keith Ayoob bildirir ki, süd yağı zülal matrisi daxilində olduğu üçün orqanizmdə fərqli davranır və tək halda qəbul edilən yağlar qədər ürək xəstəlikləri riskini artırmır.

Bununla belə, mütəxəssislər doymuş yağ qəbuluna nəzarət etməyin vacibliyini vurğulayırlar. Boston Universitetinin professoru Joan Salge Blake tam yağlı süd içən insanlara qırmızı ət və qızardılmış yeməklərin miqdarını azaltmağı tövsiyə edir.

Onun sözlərinə görə, əsas məqsəd gündəlik kalsium və D vitamini ehtiyacını qarşılamaqdır. Əlavə kaloriyə ehtiyacı olmayan insanlar isə bunu da nəzərə almalıdırlar.

Bitki mənşəli südlər daha sağlamdırmı?

Son illərdə sağlamlıq, ətraf mühit və heyvan rifahı səbəbilə bitki mənşəli süd alternativlərinə maraq artıb. Lakin mütəxəssislər bildirirlər ki, bitki mənşəli olması məhsulun avtomatik olaraq daha sağlam olması demək deyil.

Onların fikrincə, məhsul seçərkən aşağıdakılara diqqət edilməlidir:

kalsium və D vitamini ilə zənginləşdirilməsi;

əlavə şəkərin olub-olmaması;

zülal miqdarı.

Bitki mənşəli süd növləri

Soya südü

Təxminən 70 kkal.

7 qram zülal ehtiva edir və bu baxımdan inək südünə ən yaxın alternativdir.

Araşdırmalar soya südünün qan təzyiqini, LDL (“pis”) xolesterini, bel çevrəsini və iltihab göstəricilərini azaltmağa kömək edə biləcəyini göstərir.

Yulaf südü

Təxminən 120 kkal.

Zülalı az olsa da, həll olunan liflə zəngindir.

Beta-qlükan sayəsində ürək sağlamlığına müsbət təsir göstərir.

Araşdırmalar yulaf südünün LDL xolesterinin azalmasına kömək etdiyini göstərir.

Badam südü

Təxminən 40 kkal.

Kalorisi aşağıdır.

Tərkibində əsasən ürək üçün faydalı doymamış yağlar var.

E vitamini, B2 vitamini, niasin, kalsium və kaliumla zəngindir.

Zülal miqdarı isə aşağıdır.

Hindqozu südü

Təxminən 45 kkal.

Zülalı azdır.

Digər bitki mənşəli südlərlə müqayisədə doymuş yağ miqdarı daha yüksəkdir.

Bir çox istehsalçı məhsulu kalsium, D, A və B12 vitaminləri ilə zənginləşdirir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az